MSK katibi: "Bələdiyyə seçkilərinə maraq artıb"
- 23 dekabr, 2019
- 10:56
“Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var. Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında da aktivlik müşahidə olunur”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
Onun sözlərinə görə, seçici fəallığının artımı bunu deməyə əsas verir ki, bələdiyyə seçkilərinə maraq artıb: “Bildiyiniz kimi, seçki prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyirlər. Seçkilər zamanı beynəlxalq müşahidəçilər seçki ilə bağlı qənaətlərini bizimlə bölüşürlər. Hələlik neqativ rəy və fikir eşitməmişik. Hesab edirəm ki, onlar sonda qənaətə gəldikləri fikirlərini də bizimlə bölüşəcəklər”.
MSK katibi həmçinin qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hələlik problem yaranmayıb: “Bununla bağlı bizə müraciət daxil olmayıb. Bütün məntəqələr məlumat oxuyan qurğu ilə təmin edilib. Hesab edirəm ki, bununla bağlı heç bir problem və ya narazılıq yaranmayacaq”.