MSK-da AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib

MSK-da AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb
Daxili siyasət
17 İyun , 2016 15:16
MSK-da AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüş keçirilib

Bakı. 17 iyun. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak və Belçikanın senatoru, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi ilə görüşüb.

Bu barədə “Report”a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

MSK sədri Məzahir Pənahov qurumun Avropa Şurası, eləcə də onun müxtəlif qurumları ilə çoxillik səmərəli əlaqələri barədə danışıb. 

Sədr bildirib ki, o, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verir və seçkilərlə bağlı müxtəlif sahələrdə bu əlaqələrin davam etdirilməsi seçki praktikasının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təşkilatlarla əlaqələrin və inkişaf etmiş dünya təcrübəsinin öyrənilməsinin xüsusi rolu var.

Qonaqlar ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və iyunun 18-də prosesləri yaxından müşahidə edəcəkləri 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan addımlarla maraqlanıblar. 

Sədr Məzahir Pənahov nümayəndə heyətinin suallarını ətraflı cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyi, habelə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün həyata keçirilən layihələri onların diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi