"Azərbaycanın bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova jurnalistlər üçün "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə deyib.
O bildirib ki, monitorinq qruplarına müxtəlif kontingentdən olan şəxslər daxildir: "Monitorinq qrupları tədqiqatlar aparmalı, müxtəlif tədbirlər həyata keçirməlidirlər. Ancaq monitorinq qruplarının işi bizi qane etmir. Azərbaycanda məişət zorakılığı ilə bağlı baş vermiş məsələlərlə məşğul oluruq. Ölkədə bu istiqamətdə fəaliyyət göstərən sığınacaqlar var. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində bu sığınacaqlar mövcuddur".