Bakı. 9 iyun. REPORT.AZ/ Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının vaxtları məlum olub.
“Report”un məlumata görə, növbədənkənar sessiyanın birinci iclası iyunun 14-də, sonuncu iclası iyunun 24-də olacaq.
İyunun 14-də olacaq iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib.
İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılacaq.
Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər edilməsi gündəliyə daxil edilib.
İyunun 24-də olacaq iclasın gündəliyi hələ müəyyənləşdirilməyib.