Baş nazirin müavini: "Milli Məclisdə, bələdiyyələrdə qadınların sayı artırılmalıdır"

Baş nazirin müavini: "Milli Məclisdə, bələdiyyələrdə qadınların sayı artırılmalıdır" "Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəallığı çox zəifdir”
Daxili siyasət
9 İyun , 2017 13:07
Baş nazirin müavini: Milli Məclisdə, bələdiyyələrdə qadınların sayı artırılmalıdır
Report.az

Bakı. 9 iyun. REPORT.AZ/ “Qadının potensialı cəmiyyətin yarısının potensialı deməkdir. Milli Məclisdə 19 qadın deputat var. Bu, azdır, daha çox olmalıdır. Bələdiyyələrdə də qadınların sayı artırılmalıdır. Onlar seçkilərdə iştirak etməlidir. Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəallığı çox zəifdir”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, hökumətin seçdiyi yol qadının ictimai-siyasi həyatda rolunu artırmaqdan ibarətdir: “Biz qadının ictimai həyatda fəallığını artırmalıyıq. Mən kvotanın həm tərəfdarıyam, həm də tərəfdarı deyiləm. Kvota problemi həll etmir. Qadın ictimai həyata hazırlanaraq bu sahədə iştirak etməlidir. Vəzifəyə təyin edilmək də belədir. Biz daha çox baza problemlərini həll etməliyik. Azərbaycanda qadınların hüquq bərabərliyi hesabata düşən səviyyədə deyil. Bir çox sahələrdə qadınlar fəal iştirak edirlər. Kim deyə bilər ki, qadın niyə müəllim, direktor, həkim işləyir. Amma tikinti sahəsində işləsə, deyəcəklər ki, niyə qadın o sahədə işləməlidir? Cəmiyyəti qınamaq olmaz ki, qadının tikintidə işləməsinə niyə razı olur. Elə cəmiyyətlər var ki, qadınlar tikinti sahəsində də çalışırlar”.

Ə.Əhmədov qeyd edib ki, qadınlarla kişilər arasında rəqabət olmalıdır: “Azərbaycanda qadın nazir müavinləri var, amma nazir yoxdur. Rayon icra hakimiyyətlərinin başçılarının qadın müavinləri var, bu da o deməkdir ki, gələcəkdə onlar icra başçısı ola bilər”.

Son xəbərlər

Orphus sistemi