Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. Onlar 34 media qurumunu təmsil edirlər.
"Report"un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Biz həmişə çalışırıq ki, siyasi məqsəd güdən məqamları irəli çəkənləri başa salaq. Bunu siyasiləşdirməyə ehtiyac yoxdur. Azərbaycan xalqı öz rəhbərini seçir. Seçki prosesini pozmağa cəhd edənləri çəkib, sensasiya yaratmağa çalışmayın", - o vurğulayıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.