Məzahir Pənahov ATƏT və Avropa İttifaqının nümayəndələri ilə Prezident seçkilərinə hazırlığı müzakirə edib

Məzahir Pənahov ATƏT və Avropa İttifaqının nümayəndələri ilə Prezident seçkilərinə hazırlığı müzakirə edib Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Daxili siyasət
21 Fevral , 2018 17:13
Məzahir Pənahov ATƏT və Avropa İttifaqının nümayəndələri ilə Prezident seçkilərinə hazırlığı müzakirə edib

Bakı. 21 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.

MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilən seçkilərə hazırlıqla maraqlanıb.

MSK-ının beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan M.Pənahov Azərbaycanın seçki sistemi barədə ətraflı danışıb. 

O həmçinin diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən, intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

M.Pənahov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskasla da görüşüb. 

MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas Azərbaycanın seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb. MSK sədri prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi