"Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan iki üçtərəfli bəyanat və bundan sonra imzalanacaq bütün razılaşmalar Azərbaycanın maraqlarına uyğundur və uyğun olacaq. Çünki Azərbaycanın müzəffər Ordusu qəbul olunacaq bütün sənədlərin möhürünü döyüş meydanında vurub".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin yanvarın 11-də Moskvada imzaladıqları bəyanat 44 günlük Vətən müharibəsinin döyüş meydanında əldə olunan böyük qələbənin siyasi meydanda möhkəmləndirilməsinin göstəricisidir: "Yanvarın 11-də imzalanmış üçtərəfli bəyanat noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin icrası mexanizminin və vaxtının dəqiqləşdirilməsi ilə bağlıdır. Yanvarın 11-də təsdiq olunmuş 4 bənddən ibarət üçtərəfli bəyanat Azərbaycanla Ermənistan arasındakı kommunikasiyaların açılmasına və nəqliyyatın təhlükəsiz hərəkətinin təşkilinə hesablanıb. Bu bəyantla Azərbaycanın digər bölgələri quru yollar vasitəsilə Naxçıvana birləşir, Naxçıvan blokadadan çıxır və yolumuz Türkiyəyə açılır. Əvvəla bu bəyanatın icrası ilə Naxçıvanda yaşayan əhalimizin Azərbaycana gediş-gəlişindəki, yük daşımalarındakı bütün çətinlikləri aradan qalxacaq. Bu, Azərbaycanın bütün regionlarının birləşməsi və bütövləşməsi deməkdir. Digər tərəfdən isə bu, regionun iqtisadi xəritəsini dəyişəcək region üçün çox əhəmiyyətli və qitələri daha səmərəli şəkildə birləşdirəcək yeni beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizidir. Mehri dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, Mehri dəhlizi rəqabətqabiliyyətliliyinə görə digər marşrutlardan daha səmərəli və rentabelli olacaq. Bu da ölkəmizin üzərindən daşınacaq beynəlxalq tranzit nəqliyat dəhlizlərinin cəlbediciliyini və daşımaların həcmini kifayət qədər artıracaq”.
Deputat bildirib ki, Ermənistanla Azərbaycan arasındakı kommunikasiyaların açılması region dövlətləri üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmiz üçün də böyük iqtisadi əhəmiyyət daşıyır: “Çünki bu, ölkəmizin ixrac etdiyi mallarının coğrafiyasının səmərəli şəkildə genişləndirilməsinə imkan verir. Təbii ki, ixrac marşrutunun qısalması iqtisadi səmərə deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Mehri dəhlizi Avropaya və Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək. İlkin hesablamalara görə, regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2 %, emal sənayesini 3 % və mədən sənayesini 2,7 % artıra bilər. Təbii ki, belə yeni iqtisadi artımlara nail olmağımız ölkəmizin iqtisadi gücünün artması deməkdir. Biz torpaqlarımızı işğaldan azad etdik, indi isə kommunikasiyaların açılmasından səmərəli istifadə etməklə iqtisadiyyatımıza əlavə gəlirlər gətirəcəyik”.
A.Badamovun fikrincə, Mehri dəhlizi Azərbaycanın ixrac imkanlarını genişləndirir: “Bu gün ölkəmizin sənaye sektoru öz inkişaf dövrünü yaşayır. 2020-ci ildə dünya iqtisadiyyatında sənaye istehsalı 10 % aşağı düşdüyü halda Azərbaycan sənayesi 11 % artıb. Bu da yeni yaranacaq dəhliz vasitəsilə Avropa və Fars körfəzi ölkələrinə yeni sənaye istehsalı məhsullarımızın ixracını daha səmərəli edəcək. Nəqliyyat xərclərinin azalması məhsulun maya dəyərinə birbaşa təsir göstərdiyindən yeni yaradılacaq dəhliz məhsullarımızın dünya bazarlarında rəqabətqabiliyyətliliyini artıracaq, sənaye və kənd təsərrüfatı məhsullarımızın ixrac coğrafiyasını genişləndirəcək. Eynilə, Mehri dəhlizinin açılması turizm sənayesini artıracaq. Gələcəkdə bu dəhliz vasitəsilə sərnişin daşımaları da təşkil olunacaq. Bu istiqamətdə ölkəmizə səfər edəcək turistlərin sayında artım olacağını düşünürəm. Ümumiyyətlə, kommunikasiyaların açılması regiona yeni reallıq gətirir”.