Elektron nəzarət vasitəsinin nəzarət subyektinə təqdim edilməsi və ondan istifadə qaydaları açıqlanıb.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası”nda öz əksini tapıb.
Qaydada qeyd olunub ki, elektron nəzarət vasitəsi nəzarət subyektinə istifadə üçün təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı və sanitariya normalarına uyğun işlənilməlidir.
Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz. Şəxslərin elektron nəzarət vasitəsindən istifadə etməsinə nəzarət onların yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən həyata keçirilir.
Şəxslər ictimai işlərin keçirildiyi yerlərə daxil olarkən əlbarmaq izi vasitəsilə monitorinq mərkəzinə məlumat ötürməklə elektron nəzarət vasitəsini aktivləşdirməli və ictimai işlərin təyin edilmiş müddəti başa çatdıqdan sonra əl-barmaq izi vasitəsilə onu söndürməlidirlər. Şəxslər elektron nəzarət vasitəsindən istifadə edərkən həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, hər hansı müdaxiləyə yol verməməli və cihazdan istifadə etməkdən imtina etməməlidirlər.
Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.