“Avropa İttifaqının dəstəyi ilə 30-dək mediator təlimçisi hazırlanıb, 240 nəfər mediasiya təlimlərinə cəlb edilib”.
“Report” xəbər verir ki, bunu “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatı zamanı ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
A.Cəfərov bildirib ki, mübahisələrin alternativ həllinin nəzərdə tutan mediasiya institutun fəaliyyətinin təmin edilməsi üçün qısa müddətdə xeyli işlər görülüb:
“Mediasiya haqqında” Qanun, bu fəaliyyəti tənzimləyən bir neçə digər normativ hüquqi akt, o cümlədən mediasiya xidmətinə görə xərclərə, xərclərin ödənilməsinə, mediatorların hazırlanmasına, onların peşəkar etik davranışına, habelə mediasiya prosesinin həyata keçirilməsinə və mediasiya reyestrinin aparılmasına dair qaydalar qəbul olunub. Mediasiya Şurası hüquqi şəxs kimi qeydiyyata alınıb, onun idarə olunması üçün müşahidə şurası formalaşdırılıb.
Nazir müavini vurğulayıb ki, təlimə cəlb edilən namizədlərin böyük əksəriyyəti - 195 nəfəri mediator sertifikatı alıb və hazırda bu proses davam etməkdədir.