“Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 4.1.1-ci yarımbəndində nəzərdə tutulan mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq Azərbaycanda fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Belə ki, bu günədək mediasiya təşkilatlarına müraciətlər rəsmi qaydada poçt vasitəsilə, e-poçt üzərindən, yaxud da vətəndaşların mediasiya təşkilatlarına birbaşa müraciət etməsi ilə baş tuturdu. Bundan sonra fiziki və hüquqi şəxslər Vahid Məhkəmə Portalı vasitəsilə bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına elektron formada müraciət etmək imkanına malik olacaqlar.
Elektron formada müraciət etmək üçün həmin hissədə “Müraciət et” bölməsi seçilməklə açılan pəncərədə fiziki şəxslər fərdi identifikasiya nömrəsini (FİN) və doğum tarixini, hüquqi şəxslər isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) daxil edir. Növbəti pəncərədə müraciətçi tələb edilən məlumatları (mediasiyaya müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məlumatlar - müraciət edənin və qarşı tərəfin adı, soyadı, atasının adı, ünvanı, əlaqə nömrəsi, mübahisənin növü və predmeti, müraciət etmək istədiyi təşkilat, mediator və s.) əlavə edərək ilkin mediasiya sessiyası üçün elektron ərizə formasını doldurur və qarşı tərəfə göndərməli olduğu “mediasiya prosesinin tətbiqi barədə təklif”i, habelə həmin təklifin qarşı tərəfə çatmasını təsdiq edən poçt sənədini “pdf” formatında yükləməklə müraciətini yekunlaşdırır.
Qeyd edək ki, Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” cari ilin 31 may tarixində Baş nazirin birinci müavini tərəfindən təsdiq edilib.