Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq standartlara tam uyğundur.
"Report" xəbər verir ki, bunu MDB Parlamentlərarası Assambleyasının (PA) missiyasının rəhbəri Jakip Asanov Bakıda keçirilən mətbuat konfransında deyib.
J.Asanov vurğulayıb ki, MDB PA missiyası ötən il dekabrın 16-dan Azərbaycandakı seçki kampaniyasının gedişini izləyib: “Bu ay yarım ərzində biz beynəlxalq standartlara, konvensiyalara və protokollara uyğunluğunu qiymətləndirmək üçün Azərbaycanın seçki qanunvericiliyini də araşdırdıq. Ekspertlərimizin qənaətinə görə, Azərbaycanın milli seçki qanunları beynəlxalq standartlara tam uyğundur”.
Missiya rəhbəri, həmçinin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində vətəndaşların fəal iştirakını və ruh yüksəkliyini məmnunluqla qeyd edib: “İnsanlar bayraqlar asıblar. Onların izdihamla toplaşaraq səs verməyə getdiyini gördük. Seçicilər bu seçkinin tarixi olduğunu bildiriblər. Məntəqələrin birində 91 yaşlı seçici ilə rastlaşdıq. O, ölkəsinin gələcəyinə səs verməyə gəldiyini bildirib. Seçkilərdə həm yaşlı, həm də gənc vətəndaşlar hamı iştirak edirdi. Onlar nikbinlik və vətənpərvərlik, parlaq gələcəyə inamla dolu idilər”.
Xatırladaq ki, J.Asanov MDB PA nümayəndə heyəti adından Azərbaycanı seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.