Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
- 26 fevral, 2023
- 09:00
Lənkəranda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.
“Report”un Cənub bürosu xəbər verir ki, səhər saatlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Lənkəran şəhərinin mərkəzində Azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı “Ana” heykəli qarşısında anım mərasimi keçirilib.
Mərasim zamanı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında soyqrım qurbanlarının xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.