Yuxarı
    Bağlamaq

    Lənkəranda ilin 6 ayında sosial-iqtisadi inkişaf sahəsində görülən işlər müzakirə olunub - FOTO

    Ötən 6 ayda rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil edib

    Lənkəran. 4 avqust. REPORT.AZ/ Lənkəran şəhərində 2016-cı ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına həsr olunan iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.

    "Report"un Cənub bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məruzə ilə çıxış edib. O bildirib ki, ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də ilin birinci yarım ilində işlər sürətlə davam edib: "Ötən 6 ay ərzində rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil edib. Sənayedə 17,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 56,4 faiz çox məhsul istehsal olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 89,8 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 75,2 faiz təşkil edib".

    Hesabat məruzəsində daha sonra rayonun sənaye müəssisələrində və aqrar sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Yarım ildə şəhər və rayon ərazisində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin aparıldığı qeyd edilib. Ölkə prezidentin sərəncamına əsasən, şəhərdə təmizlik-abadlıq işləri aparmaqdan ötrü Mənzil İstismar-Kommunal Müəssisələr İdarəsinə 200 nəfər, Lənkəran şəhəri və Ürgə kəndində çoxmənzilli 15 yaşayış binasının təmiri işlərinə 304 nəfər işçi cəlb olunub. İlk yarım ildə rayonda ümumilikdə 1385 yeni iş yeri açılıb. Onlardan 1066-sı daimi iş yerləridir. Altı ay ərzində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirilərək Haftoni qəsəbəsində, Ləj və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılıb. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 məntəqəsindən 63-ü qazlaşdırılıb. Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48 min 369 abonentdən 42 min 259-u qazlaşdırılıb ki, bu da ümumi abonentlərin 87,4 faizini təşkil edir.

    Məruzədə daha sonra rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən işlər və s. barədə ətraflı məlumat verilib, rayonda yeni Olimpiya İdman Kompleksinin, 5 ulduzlu 11 mərtəbəli otel kompleksinin tikintisinin davam etdirildiyi, Lənkəran şəhər 2 saylı oğlanlar üçün ailə tipli kiçik qrup evinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılıb.

    Sonra məruzə ətrafında müzakirələr aparılıb. 

    Taleh Qaraşov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdən danışaraq qeyd edərək bu sahədə sort toxumçuluqla məşğul olan elmi-tədqiqat müəssislərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. O, yeni yaradılan Lənkəran Kənd Təsərrüfatı İdarəsi fəaliyyətə başlaması ilə kənd təsərrüfatında mövcud olan durğunluğun aradan qaldırılacağına inamını bildirib.

    T.Qaraşov bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) yüksək səviyyədə keçirilməsi və qarşıdan gələn payız-qış mövsümü ilə əlaqədar idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlarını verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi