Lənkəranda çəltikçilik inkişaf etdiriləcək

Lənkəranda çəltikçilik inkişaf etdiriləcək "Kənd Təsərrüfatı İdarəsi səmərəli fəaliyyət göstərməlidir"
Daxili siyasət
16 Fevral , 2016 16:56
Lənkəranda çəltikçilik inkişaf etdiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov fevralın 16-da Heydər Əliyev Mərkəzində sahibkarlarla növbəti görüşünü keçirib.

"Report" xəbər verir ki, görüşü giriş sözü ilə açan T.Qaraşov dünyada baş verən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini bildirərək, Prezident İlham Əliyevin həyata keçirdiyi anbti-böhran tədbirlərindən, dövlət başçısının imzaladığı sərəncamların əhəmiyyətindən danışıb.

Ölkədə süni qiymət artımının qarşısının qətiyyətlə alındığını vurğulayan icra başçısı bu sahədə qarşıya çıxan problemlərin tamamilə aradan qaldırıldığını bildirib: "Ölkəmizdə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi, yerlərdə sahibkarlığın inkişafı üçün süni maneələrin aradan qaldırılması, sahibkarlığın inkişafına hərtərəfli şəraitin və imkanın yaradılması lənkəranlı sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən bəhrələnməli, ondan düzgün istifadə edilməli, ixrac potensialını artırmalı, idxaldan asılılıq minimuma endirilməlidir. Ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək olduqca vacibdir. Lənkəranda sahibkarlığın inkişafı prioritet vəzifələrdəndir. Bu sahədə çox keyfiyyətli Azərbaycan brendi yaratmaq üçün bazarı genişləndirmək vacibdir. Rayonda sitrus meyvəçiliyinin inkişafı da ən ümdə vəzifələrdəndir. İstehsal olunmuş məhsulların alınmasından ötrü tədarük məntəqələrinin, emal müəssisələrinin fəaliyyəti günün tələblərinə cavab verməlidir. Yeni sənaye zonalarının yaradılması, xammalın istehsalının artırılması, nəticədə dövlət büdcəsindən asılılıq aradan qaldırılmalıdır".

T.Qaraşov bildirib ki, Lənkəranın əkinə yararlı torpaqlarından səmərəli istifadə edilməli, ayrı-ayrı kiçik təsərrüfatlar fermerlər şəklində birləşdirilməlidir: "Lənkəran üçün ənənəvi çəltikçiliyi inkişaf etdirmək olduqca çox vacibdir. Bu sahədə yeni yaradılan Kənd Təsərrüfatı İdarəsi səmərəli fəaliyyət göstərməlidir".

Görüş açıq diskussiya və dialoq şəklində keçib və sonda T.Qaraşov tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi