Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərəcək fermerlərə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilir.
Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, dörd gün mərhələli şəkildə davam edən təlimlər 2374 nəfəri əhatə edib.
Təlimlərdə fermerlərə şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub, ehtiyatsızlığın ağır fəsadlarla nəticələnə biləcəyi çatdırılıb.
Xatırladaq ki, dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” ürzə maarifləndirmə proqramı da davamlı şəkildə icra edilməkdədir.
Qeyd edək ki, müharibədən sonrakı dövrdə ANAMA-nın partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri ölkə üzrə 410 192 nəfər vətəndaşı əhatə edib. “Böyük Qayıdış” çərçivəsində bu missiya daha da intensiv şəkildə davam etməkdədir.