11 sentyabr bizim ailə bayramımızdır.
“Report” xəbər verir ki, bunu Laçından olan keçmiş məcburi köçkün, birinci Qarabağ müharibəsinin iştirakçısı Xaqani Əsədov deyib.
O, qeyd edib ki, bu gün doğmaları üçün əsl bayramdır:
“Həyatımın ən sevincli günüdür. Çünki ailəmlə birlikdə yurduma, elimə qayıdıram. Laçını 36 yaşımda tərk etməyə məcbur olmuşdum. Yurduma 69 yaşımda qayıdıram.
Bu sevincli günü bizə yaşadan Ali Baş Komandanımıza təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
“Azərbaycanın bütün məcburi köçkünlərinə bu sevinci yaşamağı arzulayıram. Bu günü böyük həsrətlə gözləyirdim. Son 4 ildə isə yuxularım da ərşə çəkilmişdi. Laçının adı çəkiləndə hisslərimi cilovlaya bilmir, kövrəlib ağlayıram”, - o əlavə edib.
Kövrələn X.Əsədov təqaüddə olmasına baxmayaraq uzun illər sonra geri qayıtdığı Laçında işləmək istəyini büruzə verib: “Mən zəhmətkeş adamam. İşsiz dayana bilmərəm. Ömrüm boyu zəhmətlə yaşamışam”.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgələri, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 570 ailə, yəni 2 090 nəfər daimi məskunlaşıb.