Azərbaycan vətəndaşları növbədənkənar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirirlər.
“Report” xəbər verir ki, bunu səsvermə prosesini müşahidə edən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Şübhə yoxdur ki, Azərbaycan xalqının fevralın 7-də edəcəyi seçim elə demokratiya standartlarını nümayiş etdirəcək ki, Azərbaycanı tənqid edən dövlətlər bundan çox şey öyrənəcəklər”, - o vurğulayıb.
Politoloq qeyd edib ki, son nəticədə səslərin əksəriyyətini qazanan namizəd Azərbaycanı irəli aparacaq.
İ.Korotçenko vurğulayıb ki, ümumilikdə Azərbaycan cəmiyyəti baş verən siyasi hadisələrin məntiqini və cərəyan edən prosesləri başa düşür: “Seçici fəallığının digər amili Azərbaycanda ilk dəfə olaraq növbədənkənar prezident seçkilərinin ölkənin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunduğu şəraitdə və bütün regionlarda keçirilməsidir”.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.