Komitə sədri: "Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır"

Komitə sədri: "Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır" "Azərbaycanda qadınların 20 faizi biznes sahəsində çalışır"
Daxili siyasət
26 Noyabr , 2016 00:19
Komitə sədri: Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır

İstanbul. 26 noyabr. REPORT.AZ/ Türkiyədə keçirilən beynəlxalq toplantı olduqca vacib tədbir idi. Bu, qısa müddətdə həmin ölkədə qadın hüquqları və qadın problemləri ilə bağlı ikinci böyük toplantıdır.

Bu sözləri "Report"un Türkiyə bürosuna açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin qeyri-hökumət təşkilatlarından biri ilə keçirdiyi toplantını şərh edərkən deyib.

Komitə sədri bildirib ki, beynəlxalq toplantıda Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan yüksək səviyyədə çıxış edib. "Ondan sonra nazirlərin toplantısında Azərbaycan təmsilçisi kimi mənə söz verildi. Ən vacib məsələlər, o cümlədən Azərbaycanda bu sahədə hansı irəliləyişlərin olması barədə məlumat verdim. Qeyd etdim ki, bu gün Azərbaycanda qadın hüquqları ilə bağlı zəruri layihələr hazırlanır".

Komitə sədri qeyd edib ki, Azərbaycan qadınları bütün dünyaya sübut edir ki, onlar müasir, dünyəvi, təhsilli və güclüdürlər: "Tədbirdə çox maraqlı fikir mübadiləsi aparıldı. Bir çox ölkələrin nümayəndələri çıxış etdi. Xüsusən qaçqın və köçkün problemləri müzakirə edildi. Biz də öz növbəmizdə konfrans iştirakçılarına Qarabağ problemi, qaçqın və məcburi köçkünlərimiz haqda geniş məlumat verdik".

Hicran Hüseynova vurğulayıb ki, qaçqın və məcburi köçkünləri yenidən cəmiyyətə qaytarmaq məsələsi Azərbaycan Prezidenti İlham ƏliyevHeydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi məsələlərdən biridir: "Ona görə ki, bu insanların bir çoxu psixoloji problemlərlə üzləşiblər. Onların çoxu doğmalarını, yaxınlarını itirib. Həmin insanların cəmiyyətdə özlərinə yer tapmaları, inkişafı üçün böyük işlər görülür. Dövlət qurumu olaraq biz də bu işlərin içindəyik və deyə bilərik ki, çox yaxşı nəticələr əldə edilir.

Qaçqın və məcburi köçkünlərimiz arasında yaxşı tanınmış xanımlarımız var. Onlar ayrı-ayrı sahələrdə, o cümlədən dövlət qurumlarında və qeyri-dövlət strukturlarında çalışırlar. Bu, onu göstərir ki, həmin təbəqələrdən olan insanlar yenidən cəmiyyətə qayıdıblar".

Onun sözlərinə görə, Türkiyədə keçirilmiş konfransda zorakılıq mövzusu ətrafında da geniş müzakirələr aparılıb: "Bildiyiniz kimi noyabrda zorakılığa qarşı böyük kampaniya keçirilir. Azərbaycanda da bunu təşkil edirik. On altı günlük böyük kampaniya gedir.

Eləcə də dünyanın ayrı-ayrı ölkələrində tədibrlər təşkil olunur. Bu onu göstərir ki, qadınlar dünyada zorakılığa yox deyir".

Komitə sədri qeyd edib ki, Azərbaycan və Türkiyə qadınlarının üzləşdikləri bir sıra problemlər oxşardır: "Biz bu gün Azərbaycanda qadınları tam şəkildə maarifləndirmişik. Təhsil dövlətin prioritet siyasətidir. Azərbaycanda çox az qadın tapılar ki, onların təhsili olmasın. Amma Türkiyə üçün bu, çox böyük problemdir. Həmin ölkənin əhalisi çoxdur. Həm bölgələrdə, həm də ucqar rayonlarda təhsilsiz qadınlar var. Onlar özləri də bunu qabardırlar. Digər tərəfdən Türkiyənin həmin təbəqələrlə işləmək təcrübəsi var".

Komitə sədri vurğulayıb ki, son zamanlar yaradılmış şəraitdən istifadə edən Azərbaycan qadınlarının 20 faizi biznes sahəsində çalışır. 

Son xəbərlər

Orphus sistemi