Anar Bağırov: “İstintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq”

Anar Bağırov: “İstintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq” "Elektron vəkil" informasiya sistemi təkmilləşdirilir.
Daxili siyasət
27 Yanvar , 2023 16:13
Anar Bağırov: “İstintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq”

“İstintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sisteminin tətbiqi formal vəkilliyi aradan qaldıracaq”.

Vəkillər Kollegiyasının (VK) Mətbuat Xidmətindən "Report" bildirilib ki, bunu VK-nın Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Bildirilib ki, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi üzrə Dünya Bankının layihə rəhbəri Eval Melisin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 27-də VK-da olub.

Qonaqları salamlayan Kollegiyanın sədri A.Bağırov Dünya Bankı ilə əməkdaşlığa önəm verildiyini bildirərək, elektron vəkillik və bu sahədə elektron xidmətlərin xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Sədr xatırladıb ki, Azərbaycanda vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 22 fevral tarixli sərəncamına uyğun olaraq, vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görmək VK-ya tövsiyə olunub.

O deyib ki, “Elektron vəkil” sisteminin daha effektiv fəaliyyəti üçün VK-ya ardıcıl dəstək göstərən Azərbaycan Ədliyyə Nazirliyinin fəaliyyəti xüsusi vurğulanmalıdır. A.Bağırov Kollegiya tərəfindən elektron vəkil sorğusu ilə bağlı da müəyyən işlərin görüldüyünü diqqətə çatdırıb: “Lakin burada normativ hüquqi tənzimləmə ilə bağlı müəyyən problemlər mövcuddur və bununla bağlı təkliflərimizi aidiyyatı qurumlara təqdim etmişik. Hesab edirik ki, bu istiqamətdə təkliflərimiz qəbul olunduqdan sonra vəkillərimiz “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron vəkil sorğuları göndərə biləcəklər. Hesab edirik ki, bu tədbirlər müəyyən bürokratik əngəllər və qeyri-prosessual münasibətlərlə yanaşı, əlavə vaxt, vəsait itkisinin də qarşısını alacaq və həmçinin hüquqi yardımın operativliyini təmin edəcək”.

“Elektron təyinat” sisteminin tətbiqi məsələsinə də toxunan sədr bunun hüquqi yardımın keyfiyyətinin artırılmasındakı əhəmiyyətindən danışıb: “Qeyd etməliyəm ki, Ədliyyə Nazirliyi ilə qurulmuş səmərəli əməkdaşlıq, vaxtaşırı aparılan müzakirə və tədbirlər sayəsində Bakı şəhərində fəaliyyət göstərən bütün məhkəmələrdə bu sistem 2 ildir ki, tətbiq olunsa da, təəssüf ki, bölgələrdə hələ də köhnə qaydalar qalmaqdadır. İstərdik ki, nəinki məhkəmələr, ölkədə fəaliyyət göstərən bütün istintaq-təhqiqat orqanlarında “Elektron təyinat” sistemi tətbiq edilsin. Hesab edirəm ki, bu tədbirlərin görülməsi nəticə etibarı ilə hüquqi yardımın səmərəliyini artıracaq, eyni zamanda vətəndaş məmnunluğunu təmin edəcək və formal vəkillik fəaliyətini aradan qaldıracaq. Beləliklə, vətəndaşların hüquqi yardıma inamı artacaq”.

Diqqətə çatdırılıb ki, son illər VK tərəfindən formal vəkillik fəaliyyətinə qarşı mübarizə aparılır və bu istiqamətdə bəzi vəkillər intizam məsuliyyətinə cəlb olunub. Eyni zamanda formal vəkilliklə məşğul olduğuna görə bir neçə vəkilin VK-dan xaric edilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırılıb.

E.Melis isə çıxışında Azərbaycanda olduğundan məmnunluğunu ifadə edərək, VK ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib.

Sonra layihənin koordinatoru, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qaraqurbanlı layihə haqqında ətraflı məlumat verərək bildirib ki, ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində vəkillərin rolu böyükdür və bu baxımdan vəkillərin elektron məlumatlara çatımlığı təmin edilməlidir: “Bu sahədə Vəkillər Kollegiyası bizim ən mühüm tərəfdaşlarınızdan biridir. Ümumiyyətlə, son dövrlərdə vəkilliyin inkişafı istiqamətində görülən işləri biz hakimlər də daha yaxşı müşahidə edir və bunu yüksək qiymətləndiririk”.

Məlumatda qeyd olunub ki, həmçinin, layihə çərçivəsində “Elektron proqram təminatlarının istifadəsi üzrə biliklərin formalaşdırılması məqsədilə təlimlərin keçirilməsi” fəaliyyəti üzrə təlimlər keçiriləcək. Qeyd olunan təlimlər çərçivəsində vəkillər üçün “Elektron məhkəmə” informasiya sisteminin alt modulu olan “Elektron kabinet”indən istifadə olunması potensialının artırılması da nəzərdə tutulub.

Daha sonra VK-nın elektron xidmətlər sahəsində gördüyü işlərə dair təqdimatla Kollegiyanın Aparat rəhbəri Bayram Orucov çıxış edib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, irəli sürülən təkliflərlə bağlı İşçi Qrupunun yaradılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi