Yuxarı

Hesablama Palatası rayon icra hakimiyyətlərində nöqsanlar aşkarlayıb, 60-dan çox işçiyə töhmət verilib - SİYAHI

Faktlarla bağlı 8 nəfər işdən çıxarılıb

Bakı. 9 aprel. REPORT.AZ/ Hesablama Palatası bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirib. Tədbirlər Bakı şəhəri Səbail, Xətai, Xəzər və Suraxanı rayonlarını, Mingəçevir və Lənkəran şəhərlərini, eləcə də Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir və Qobustan rayonlarını əhatə edib.

“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında” adlı hesabat sənədində bildirilib.

Sənədə əsasən, audit tədbirlərinin həyata keçirildiyi qurumlarda bəzi hallarda büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi müəyyən olunub. Qurumlar tərəfindən mənzil fondunun gəlirlərinin az hesablandığı aşkar edilib. Mənzil fondu göstəricilərinin, o cümlədən əhalinin sayının tam nəzərə alınmaması, qeyri-yaşayış sahələri üzrə müqavilələrin bağlanılmaması və digər bu kimi səbəblərə görə mənzil və xidmət haqqı, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi haqqı və qeyri-yaşayış sahələri üzrə istismar yığımı üzrə mənzil fondunun gəlirləri az hesablanılıb.

Həmçinin, mənzil fondu evlərində liftlərə xidmətdən yaranan zərərin müəyyənləşdirilməsi prosesində əhalinin azaldılması hesabına lift haqqı az hesablanılıb.

Audit sübutları ilə mənzil fondunun zərərinin artırıldığı müəyyən olunub.

Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan məcburi ödənişlərin bəzi hallarda təmin olunmadığı müəyyən edilib.

Həyata keçirilən tədbirlərin nəticələri ilə bağlı Hesablama Palatasına təqdim edilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat vahidi ləğv edilib və təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan 7 ştat vahidinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda, 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Xətai rayon İcra Hakimiyyətində 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub.

Xəzər rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şiddətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq olunub.

Suraxanı rayon İcra Hakimiyyətində 2 məsul işçiyə töhmət və 7 işçiyə xəbərdarlıq elan edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad olunub, 4 məsul işçiyə isə ciddi xəbərdarlıq edilib.

Lənkəran şəhər İcra Hakimiyyətində 17 işçiyə töhmət verilib.

Tovuz rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.

Sabirabad rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.

Ağstafa rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib.

Ucar rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2-nə xəbərdarlıq elan olunub.

Bərdə rayon İcra Hakimiyyətində 3 məsul əməkdaşa töhmət verilib, 5-nə xəbərdarlıq elan olunub.

Kürdəmir rayon İcra Hakimiyyətində 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət verilib.

Qobustan rayon İcra Hakimiyyətində 4 məsul işçiyə xəbərdarlıq elan olunub. 

Qeyd edək ki, hesabat sənədi Milli Məclisə təqdim olunub. Sənəd aprelin 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi