Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya gəlib.
"Report" xəbər verir ki, Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.
Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Jurnalistlərə açıqlamasında Kaxa Kaladze Bakının çox təmiz olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd edib. O, mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını bildirib.