Karin Hoerhan: “İndiyədək heç bir ölkədə təşəkkül tapan bu qədər tarixi hadisələrin şahidi olmamışdım”

Karin Hoerhan: “İndiyədək heç bir ölkədə təşəkkül tapan bu qədər tarixi hadisələrin şahidi olmamışdım” Bahar Muradova Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatına “Təşəkkürnamə” təqdim edib
Daxili siyasət
504
17 Fevral , 2021 15:57
Karin Hoerhan: “İndiyədək heç bir ölkədə təşəkkül tapan bu qədər tarixi hadisələrin şahidi olmamışdım”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) ölkə nümayəndəliyinin rəhbəri, “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsinin rəhbəri Karin Hoerhan ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a bildirilib ki, qonaqları salamlayan B.Muradova görüş təşəbbüsünə görə təşəkkürünü bildirərək bu görüşün yaxından tanışlıq və gələcək planların müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildirib.

O, Komitə və GİZ-in birgə həyata keçirdiyi layihələrin vacib nəticələrlə yadda qaldığını qeyd edərək, xüsusilə koronavirus pandemiyasının başlandığı vaxtdan təşkilatın səylərini və 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş insanlarla aparılan işə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Həm dünyada, həm də Azərbaycanda qadınların müxtəlif vəzifələrdə təmsil olunması, ümumiyyətlə gender bərabərliyinin təmin olunmasına yönəlik konkret addımların atıldığını qeyd edən B.Muradova bu prosesin daha sürətlə davam edəcəyini vurğulayıb. O, yerlərdə fəaliyyət göstərən gender əlaqələndiriciləri, xüsusilə bələdiyyə orqanları çərçivəsində yaradılmaqda olan Gender komissiyaları məsələsini vurğulayaraq, onlar üçün lazımi texniki və digər dəstəyin göstərilməsi, bu istiqamətdə yerli əməkdaşların, eləcə də könüllülərin təlimləndirilməsi və gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın İSESCO-nun yüksək səviyyəli toplantısındakı çıxışına diqqət çəkən Komitə sədri qeyd edib ki, təşkilat tərəfindən bu il “Qadınlar ili” elan edilib. Azərbaycan da bu təşkilatda çox fəal bir mövqeyə malikdir. Ölkəmizin İslam və Şərq dünyasında bu istiqamətdə özünəməxsus inkişaf tarixinə və bugünki nəticələrinə nəzər salsaq, bu prosesdə Azərbaycanın böyük rol oynayacağını deyə bilərik.

Vətən müharibəsindən sonrakı dövrdə quruculuq işlərinə toxunan Komitə sədri cənab Prezidentin işğaldan azad olunmuş ərazilərdə ən yüksək tələblərə cavab verən “smart village” və “smart city” lərin yaradılacağını bəyan etdiyini və bu istiqamətdə addımlar atıldığını qeyd edib. O əlavə edib ki, bizim bu sahədə görəcəyimiz işlərin də çərçivəsi genişlənməli, intensivliyi daha da artırılmalı, bu istiqamətdə bir sıra yeni əhəmiyyətli layihələr həyata keçirilməlidir.

Səmimi qəbula görə təşəkkürünü bildirən GİZ-in ölkə nümayəndəliyinin rəhbəri K.Hoerhan Azərbaycana gəlişinin pandemiya, eyni zamanda müharibə dövrünə təsadüf etdiyini qeyd edərək bildirib ki, indiyə kimi heç bir ölkədə təşəkkül tapan bu qədər tarixi hadisələrin şahidi olmamışdı.

K.Hoerhan çalışdığı bəzi ölkələrdə gender bərabərliyi məsələsinə sənəd üzərində baxıldığını bildirərək, Azərbaycanın bu məsələyə öhdəlik və məsuliyyətlə yanaşdığını vurğulayıb və ölkəmizdə bu sahədə işləməyin rahat olduğunu diqqətə çatdırıb. Təmsil etdiyi təşkilatın əsas rolunun Azərbaycanda olan tərəfdaşları strateji prioritet təşkil edən məsələlər ilə bağlı dəstəkləmək olduğunu bildirən K. Hoerhan cari ildə icra edilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi haqqında danışıb. O, Alman hökumətinin həvalə etdiyi layihələrdə məqsəd və indikatorlar ilə bağlı müəyyən çərçivələrin mövcud olduğun bildirib. Göyçayda Qadın Resurs Mərkəzinin (QRM) yaradılmasını diqqətə çatdıran GİZ nümayəndəsi bu layihənin xüsusilə pandemiya zamanı qadınlara dəstək üçün pilot təşəbbüsü olduğunu qeyd edərək, Komitənin QRM və bələdiyyələrdə Gender komissiyaları ilə bağlı gələcək işlərlə bağlı strategiyası ilə maraqlandığını bildirib.

Komitə sədri K.Hoerhanın sualına cavab olaraq bildirib ki, indiki halda yerli aspekt çox vacibdir və Komitə də bu məsələni birinci sırada diqqətdə saxlayır. Pilot layihələrin nəticələri deməyə imkan yaradır ki, bu layihələr genişlənməli və daha çox rayonu əhatə etməlidir. İstər Qadın Resurs Mərkəzlərinin, istərsə də Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin respublikanın bütün ərazilərini əhatə etməsi imkanını nəzərə alaraq addımlar atılması, hər bir istiqamət üzrə bütün regionlarda balanslı yanaşmanın sərgilənməsi əhəmiyyətli olardı: “Bələdiyyələrdə Gender komissiyalarının yaradılması işini davam etdirməli və lazımi avadanlıqla təmin edilməsi, texniki dəstək işi gücləndirilməlidir. Aidiyyəti şəxslərin təlimləndirilməsi, onların imkanlarının artırılması işi də diqqət mərkəzində olmalıdır. Müharibənin nəticələrini, xüsusilə həssas qrupun sırasına yeni insanların daxil olduğunu nəzərə alaraq, mövcud strukturlarla onlara yönəlik layihələr həyata keçirmək müsbət nəticələr verə bilər.”

Bu yaxınlarda Azərbaycan Kənd Qadınları Assosiasiyası üzvləri ilə görüşünə diqqət çəkən Komitə sədri bildirib ki, onlar kənd qadınlarına yönəlik layihələr gözlədiklərini və bu tədbirlərin daha çox əraziləri əhatə etməsi arzusunda olduqlarını ifadə ediblər. Qadınlar öz bizneslərini yaratmaq, bu prosesin iştirakçısı olmaq üçün həvəs göstərirlər. Bu baxımdan qadınların müvafiq mövzuda məlumatlandırılması vacib məsələdir.

Daha sonra “Gender büdcələşməsi” layihəsinə toxunan K. Hoerhan bu məsələnin də mühüm əhəmiyyət kəsb etdiyini və davam etdirilməsində maraqlı olduqlarını qeyd edib. O eyni zamanda GİZ tərəfindən həssas qrupdan olan, qaçqın və məcburi köçkün əhali üçün xüsusi layihənin icra edildiyini də diqqətə çatdırıb.

Görüşün sonunda B.Muradova Dövlət Komitəsinin 15 illiyi münasibətilə səmərəli əməkdaşlıqda seçilən qurumların təltif edildiyini xatırladaraq, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatına “Təşəkkürnamə” təqdim edib.

Görüşdə “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsinin müşaviri Fidan Qasımova və Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak edib.

Son xəbərlər

Orphus sistemi