Bakı. 27 dekabr. REPORT.AZ/ Daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabad və Goranboy rayonlarında qaçqın və məcburi köçkünlərlə görüşüblər. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İ.Əliyev respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdıraraq bu kateqoriyadan olan azərbaycanlılarla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb.
Nazir müavini ölkə başçısının qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminatı sahələrində əldə olunmuş uğurlardan danışıb.
Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün olan azərbaycanlılara təqdim olunub.