"Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət basçımız İlham Əliyevin uzun illər ərzində düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Ali Baş Komandanımızın qətiyyətindən güc alan müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edərək 30 il əsirlikdə qalan torpaqlarımızı azadlığa, əsl sahiblərinə qovuşdurub".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adı əbədi olaraq tarixə yazılan Prezident İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaradıb:
"Cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Dövlət başçımızın qətiyyətli addımları, xalqa müraciətləri, qətiyyətlə söylədiyi hər söz, hər kəlmə cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratdı, hər birimizi böyükdən kiçiyə daxilən səfərbər etdi. Əsrlər keçəcək, tarix XXI əsrə məhz ölkə Prezidentimizin, Ali Baş Komandanımızın qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində qazanılan Böyük Qələbə, Zəfər məqamından baxacaq. Azərbaycan tarixi də iki mərhələyə bölünəcək: Böyük Qələbədən əvvəlki və sonrakı dövrlər. Prezident İlham Əliyev tarixin ən güclü Azərbaycanını yaratdı. Xoşbəxt o xalqdır, o dövlətdir ki, ki, onun yüksək rifaha, mədəni intibaha çatdıran iradəli, qətiyyətli liderləri var. Müstəqillik dövrümüzün ilk xilaskarlıq missiyası Ulu öndər Heydər Əliyevə məxsusdur. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı xaos və anarxiyadan, özbaşınalıq və qanunsuzluqlardan, bir dövlət kimi məhv olmaqdan xilas etdi. Tariximizin ən böyük xilaskarlıq missiyasını isə Prezidentimiz, Ulu öndərimizin layiqli varisi İlham Əliyev yerinə yetirdi. Həm də Ümummilli liderimizin vəsiyyətlərini icra etməklə, “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən dahi şəxsiyyətin yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə!
Azərbaycanın bugünkü dinamik inkişafı, iqtisadiyyatımızın yüksəlişi, düşmən üzərindəki möhtəşəm Zəfəri böyük Öndər Heydər Əliyevin siyasi fəlsəfəsindən güc alıb. Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan möhtəşəm Qələbəni bizə Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli Ordumuz nəsib etdi. Böyük Qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, Qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin arzusunu reallaşdırdı. Xalqımızın ən böyük ağrısı, sağalmaz yarası torpaqların erməni işğalında qalması idi. Dahi şəxsiyyət Heydər Əliyevin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev rəhbərliyi ilə ərazi bütövlüyümüz hərbi-siyasi yolla bərpa edildi, dəmir yumruqla düşmənin başı əzildi, maddi sərvətlərimiz, mənəviyyatımız, mədəni dəyərlərimiz talandan, məhv edilmədən xilas edildi. Ən nəhayət, 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən, Vətəndə yurd həsrəti çəkməkdən qurtuldu".
Deputat qeyd edib ki, bu qələbə "Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidentimiz İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi:
"Bu Zəfər dövlət başçımızın səbr, təmkin və iti siyasi-diplomatik zəka ilə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti sayəsində reallığa çevrildi. Dövlət başçımız tərəfindən həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünya birliyinin nüfuzlu üzvünə və etibarlı tərəfdaşına çevrilib. Artıq dünya birliyi öz ərazi bütövlüyünü öz gücü hesabına qısa müddətdə bərpa edən Azərbaycanın gücünü qəbul edir və Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi strateji kurs sayəsində tarixinin ən parlaq mərhələsini yaşayan Azərbaycanın humanitar, ictimai-siyasi, iqtisadi, hərbi uğurlarını layiqincə dəyərləndirir."