"Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun", - dövlət başçısı bildirib.