Park İnn hotelində İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 12 ildir uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2023-cü il mərhələsinin bağlanış və qaliblərin təltif edilməsi mərasimi keçirilib.
“Report” xəbər verir ki, öncə dövlət orqanları nümayəndələrinin, millət vəkillərinin, eləcə də İƏT ölkələri səfirlikləri, KİV-lər və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İƏT Modelinin fəaliyyəti ilə bağlı qısa videoçarx nümayiş etdirilib. İƏGF Avrasiya Regional Mərkəzinin baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov proqramın əsas məqsəd və vəzifələri haqqında məlumat verərək, Azərbaycan gənclərinin liderlik qabiliyyətini artırmaq üçün son illərdə İƏT Modelinə olan marağın artmasından bəhs edib.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Orta Şərq və Afrika İdarəsinin rəisi Rəşad İsmayılov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyəti sədrinin müavini Hikmət Məmmədov, diplomatik korpus adından Mərakeş krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarç, Azərbaycan Respublikası Milli Məclisin deputatı İlham Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq Əməkdaşlıq departamentinin rəhbəri Nərmin İbrahimova təbrik nitqləri ilə çıxış edərək bu proqramın əhəmiyyətindən, gənclərin liderlik qabiliyyətlərinin formalaşmasında oynadıqları roldan bəhs ediblər, eləcə də bu il kursu bitirən tələbələrə uğurlar arzu ediblər.
Tədbirin sonunda bu ilin may ayında İƏT xarici işlər nazirlərinin konfransını simulyasiya edən oyunlarda xüsusi istedadı ilə seçilən tələbələr və müxtəlif İƏT ölkələrini təmsil edən komandalar xüsusi hədiyyə və sertifikatlarla təltif ediliblər. Simulyasiya oyunlarında İƏT məkanında aktual xarakter kəsb edən münaqişələrlə bağlı müzakirələr aparılmış və müvafiq qətnamələr qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, bu ilin aprel-may aylarında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən mühazirələrdə İƏT-in bir sıra ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycanın aparıcı dövlət qurumları və ali məktəb nümayəndələri tələbələr qarşısında mühazirələrlə çıxış edərək onları maraqlandıran suallara cavab veriblər.
“İƏT Modeli” proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. Proqrama əsasən, iki ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.