Bu gün Azərbaycan dünyada mövcud ən müasir texnologiyalardan istifadə edərək minatəmizləmə işləri həyata keçirir. Bu fəaliyyətin 90 faizi ölkənin daxili resursları hesabına aparılır. Xaricdən gələn dəstək məhduddur. Bu dəstək artmalıdır.
"Report" xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva dekabrın 6-da "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Bakı Forumunda deyib.
Onun sözlərinə görə, bu gün dünyada 60-dan çox ölkə minadan əziyyət çəkir, Azərbaycan da bu siyahıda ön sıralardadır:
"Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1.5 milyondan çox mina, partlamamış hərbi-sursat basdırıb. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və s. texniki kimi hallar son 30 ildə hər il basdırılıdğını, hər hansı səbəbdən yeni minalarla əvəzləndiyini deməyə əsas verir. Vətən müharibəsindən sonra 338 nəfər azad edilən ərazilərdə minaya düşüb, 65 nəfər həlak olub. 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər qadındır. 1991-ci ildən bu yana Azərbaycan 3418 nəfər minadan zərər çəkib".