Yuxarı

​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 23-cü cildi çapdan çıxıb

“Prezident İlham Əliyev: Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək”

Bakı. 5 oktyabr. REPORT.AZ/ “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 23-cü cildi çapdan çıxıb.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfərinə dair materiallarla başlayır.

Dövlət başçısı “Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək” sərlövhəyə çıxarılmış fikirlərini də 2007-ci il martın 1-də Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirakından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində söyləyib. Prezident deyib: “Azərbaycanın beynəlxalq önəmi artır və biz regional çərçivədə daha fəal rol oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən transmilli layihələr həm ölkəmizin iqtisadiyyatını gücləndirir, həm də beynəlxalq imicini, önəmini artırır. Bu halda, bütün məsələlər daha da asanlıqla öz həllini tapacaqdır. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm iqtisadi inkişafda, regionların sosial-iqtisadi inkişafında, müxtəlif sosial məsələlərin həllində - təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, bütün sahələrdə proqramlar var və bunlar ardıcıllıqla icra olunur. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayacaqlar. Mənim məqsədim budur! Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin martından aprelinədək olan dövrü əhatə edir.

Bu cilddə Azərbaycan Prezidentinin respublikanın bölgələrinə səfərləri, ölkənin iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, tapşırıq və tövsiyələri əksini tapıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin Tacikistana, Rusiya Federasiyasına, Koreya Respublikasına rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə rəvac verən nitqləri və çıxışları, həmçinin Bakıya rəsmi səfərə gələn Polşa Prezidenti Lex Kaçinski ilə görüşlərinə, danışıqlarına dair materiallar toplanıb.

Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda və Moskvada Mstislav Rostropoviçin 80 illik yubileyi şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqləri, KİV-lərə müsahibələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri də yer alıb.

Nəşrdə dövlət başçısının Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini, eləcə də ölkəmizə səfər etmiş ayrı-ayrı dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə ümumxalq tədbirlərində iştirakına dair materiallar, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqımıza müraciəti, eləcə də bəyanatları və məktubları da dərc olunub.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılmış 23-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi