​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb

​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir
Daxili siyasət
3 Aprel , 2015 19:07
​“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb

Bakı. 3 aprel. REPORT.AZ/ “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Salyan rayonuna səfərinə dair materiallarla başlanır.

Kitabda dövlət başçısının Salyanda 2006-cı il avqustun 10-da Heydər Əliyev Muzeyinin xatirə kitabına ürək sözləri də yer alıb: “Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirir. Bütün dövrlərdə Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət etmişdir. Heydər Əliyev Salyan rayonunun inkişafına həmişə böyük diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri kimi ilk səfərini Salyan rayonuna etmişdir. 1998-ci ildə isə seçki kompaniyasını Salyan rayonundan başlamışdır. Bu faktlar Heydər Əliyevin Salyana və salyanlılara xüsusi münasibət və məhəbbətinin təzahürüdür. Bu gün də Heydər Əliyev siyasəti yaşayır. Salyan rayonu inkişaf edir və rayonun gələcək inkişafına böyük diqqət göstərilir. Bütün salyanlılara dərin hörmət və məhəbbətimi bildirirəm”.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin ölkənin iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, göstərişləri öz əksini tapıb.

Kitabda dövlət başçısı İlham Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakı konfransında nitqi, İordaniya Kralının, Ukrayna Prezidentinin Azərbaycana səfərlərinə, Azərbaycanda 1-ci Beynəlxalq “Rus kitabı” festivalında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə keçirdiyi görüşlərə dair materiallar toplanıb.

Bu cilddə, eyni zamanda, Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı “Caspian Outlook – 2008” Bled Strateji Forumunda, İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılış mərasimində nitqi, Antalyada türkdilli dövlətlərin və topluluqların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında nitqi, qarşılıqlı maraq doğuran bir sıra görüşləri, Berlində “Beynəlxalq Bertelsmann – 2006” Forumunda, həmçinin “Demokratiya çağırışı” mövzusunda keçirilən müzakirələrdə dərin məzmunlu çıxışları və suallara cavabları, kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr dərc edilib.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir.

“Azərnəşr” tərəfindən buraxılmış on doqquzuncu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Son xəbərlər

Orphus sistemi