​İlham Əliyev: Ermənistan beynəlxalq hüquqa məhəl qoymur

​İlham Əliyev: Ermənistan beynəlxalq hüquqa məhəl qoymur "Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik"
Daxili siyasət
13 Mart , 2015 00:58
​İlham Əliyev: Ermənistan beynəlxalq hüquqa məhəl qoymur

Bakı. 13 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq".

"Report" xəbər verir ki, bu sözləri Bərdə rayonuna səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mərasim iştirakçılarını salamlayan İlham Əliyev bildirib:

- Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam. Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdədə “ASAN xidmət” fəaliyyətə başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır. Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq.

“ASAN xidmət” Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120 min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir.

Ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə görülür. Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız, istedadlı insanlarımız var.

Eyni zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan gənci fəaliyyət göstərir. Keçən dəfə Sabirabad mərkəzinin açılışında, eyni zamanda, biz könüllülərin forumunu keçirdik. Bu da yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr ehtiyatımızdır.

Bu gün mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də artıq fəaliyyətə başlayıb. Bütün könüllülərin iş qabiliyyəti, onlarla bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir. İstər dövlət qurumu olsun, özəl şirkət olsun, əgər hazırlıqlı kadr işə götürmək istəyirsə artıq o sistemə müraciət edir. Mənə verilən məlumata görə, artıq dörd yüzdən çox könüllü işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir. Doğrudan da hansısa bir işi könüllü surətdə görmək əzmində olan insan böyük hörmətə malikdir.

Gənclər bu mərkəzdə uğurla fəaliyyət göstərirlər. Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir, Azərbaycan gəncləridir. Gələcəkdə ölkəmizin taleyi onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli, savadlı, Vətənə bağlı və insanlarla ünsiyyətdə olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti nəticəsində, gördüyünüz kimi, bir neçə məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü başqa sahələrdə də göstərir. Yəni, bu xidmətin yaradılması doğrudan da məni həddindən çox sevindirir. Çünki son illər ərzində Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə bir çox işlər görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi köçkünlər üçün yeni şəhərciyin açılışını qeyd etdik.

Ancaq bu sahə xüsusi əhəmiyyət daşıyır. Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir. Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək.

Mən də çox şadam ki, yenidən Bərdədəyəm, doğma Qarabağ torpağındayam. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa ediləcək. Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan Prezidenti ilə strateji tərəfdaşlıq haqqında imzaladığımız Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Orada da eyni cümlələr əksini tapıb: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı.

Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar.

Belə də olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq.

Biz nəzərə almışdıq ki, ilk növbədə regional mərkəzlər yaradılsın. Təbii ki, bir neçə region seçilibdir. Bakıdan sonra, ilk növbədə, Gəncə mərkəzi regionu əhatə edir. Sumqayıt böyük şəhərdir. Sabirabad mərkəzi regionu əhatə edir və ondan sonra Qarabağ bölgəsini biz mütləq nəzərə almalı idik. Bu gün Qarabağda da “ASAN xidmət” var. Qeyd etdiyim kimi, növbəti mərkəzlər Qəbələdə, Masallıda və yəqin ki, gələn il şimal zonasında yaradılacaqdır. Bu, birinci mərhələdir. Eyni zamanda, səyyar xidmət də göstərilir. Yəqin ki, əvvəlki dövrlərdə Bərdəyə də avtobuslar gəlmişdir. Belə mərkəz olandan sonra indi avtobusa ehtiyac yoxdur. Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm.

Son xəbərlər

Orphus sistemi