​İlham Əliyev: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb

​İlham Əliyev: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb "Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır"
Daxili siyasət
12 May , 2015 04:31
​İlham Əliyev: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb

Bakı. 12 may. REPORT.AZ/ "Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb".

"Report" xəbər verir ki, bu sözləri mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan prezidenti İLham Əliyev bildirib.

"Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulub. Milli mənəvi dəyərlər birinci şərtdir.

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması bu gün dünya üçün artıq bəllidir. Bizim nümunəmiz öyrənilir. Təsadüfi deyil ki, bu gün məhz Azərbaycan bu mövzu ilə bağlı dünyada mərkəzlərdən birinə çevrilib. Bizim beynəlxalq nüfuzumuz çox yüksək səviyyədədir. Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, inama malik olan bir ölkədir. Belə olmasaydı, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləməzdi", - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda keçirilən beynəlxalq təbdirlər bunu əyani şəkildə sübut edir.

"Baxın, son iki həftə ərzində Nizami Gəncəvi Beynəlxalq Forumu və Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı Bakıda keçirilib. Birinci tədbirdə 60-dan çox ölkədən nümayəndələr iştirak edirdilər. Onların arasında çoxlu sayda fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak edirdi, əsasən də Avropa qitəsindən. Ondan bir neçə gün sonra Bakıda Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı keçirilib. Orada da 70-ə yaxın ölkənin ən yüksək səviyyəli vəzifəli şəxsləri təmsil olunurdu. Yəni, iki həftə ərzində təxminən 130 ölkədən ən qabaqcıl, ən tanınmış, nüfuzlu simalar Azərbaycanda idilər. Mənim o tədbirlər əsnasında çoxsaylı görüşlərim zamanı onların hər biri böyük heyranlıqla və eyni zamanda, təəccüblə deyirdilər ki, biz Azərbaycanın bu qədər inkişaf etmiş ölkə olduğunu təsəvvür etmirdik. Azərbaycan bu qədər zəngin ölkədir, Bakı bu qədər gözəl şəhərdir. Onların hər biri bunu qeyd edirdi. Yəni, budur bugünkü Azərbaycan", - deyə prezident əlavə edib.

İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır, çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur:

"Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır.

Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə. Bax, indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər salaraq görürük, harada ki, bu yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax, mən bunu, necə deyərlər, yığcam formada bu cür izah edərdim:

Xalqa Ulu Öndər kimi xidmət etmək lazımdır. O, bütün dövrlərdə öz xalqına xidmət edib. Biz də çalışırıq onun yolu ilə gedək. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz onun yolu ilə uğurla gedirik".

Dövlət başçısı bildirib ki, "beynəlxalq nüfuzumuz bundan sonra da artacaq. Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür. Bundan sonra görüləcək işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənəcək. Bizim təsir imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda, regional əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir, qarşılıqlı dəstəkdir. Bizim başqa fikrimiz yoxdur. Ona görə, regional inkişaf, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib".

Daha sonra prezident Bakıda keçiriləcək ilk Avropa Oyunlarına toxunub:

"Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını qəbul edəcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir.

Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkədir. Bu coğrafi yerləşmə əlbəttə ki, bizim tariximizə də, bugünkü vəziyyətimizə də təsir edir. Biz isə çalışırıq ki, bu coğrafi mövqeyimizdən maksimum səmərə ilə istifadə edək. Bu coğrafi mövqe bizə bəlalar da, faciələr də gətirə bilərdi. Ancaq bu gün düşünülmüş, cəsarətli və dürüst xarici siyasətimiz nəticəsində biz bu əlverişli mövqeyi artıq müsbət amil kimi görürük. Bunu müsbət amilə çevirən məhz bizik. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bu isə bizim nüfuzumuzu qaldırır, önəmimizi artırır. İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq.

O da aydındır ki, bu dərəcədə sürətli inkişaf heç də hamının xoşuna gəlmir. Azərbaycan xalqının mütləq əksəriyyəti bizim bütün təşəbbüslərimizi dəstəkləyir. Biz xarici və daxili siyasətlə bağlı bu dəstəyi tam görürük. Ancaq bizim uğurumuzu istəməyən, inkişafımıza paxıllıqla yanaşan dairələr də var. Biz bu barədə həm o dairələrin nümayəndələri ilə açıq danışırıq, həm də öz xalqımıza bu barədə məlumat veririk. Çünki Azərbaycan xalqı bilməlidir ki, nələr baş verir. Ölkə daxilində Azərbaycanın xarici siyasəti ilə bağlı biz heç nəyi gizlətmirik. Azərbaycan xalqı hər şeyi bilməlidir. Bilirəm, bu gün Azərbaycan xalqını incidən odur ki, bizə qarşı əsassız iddialar, ittihamlar səslənir. Bu ittihamların heç bir əsası yoxdur. Onlar süni şəkildə yaradılan ittihamlardır. Bir çox hallarda bu ittihamları bizə ünvanlayan dairələr sanki səhər durub güzgüyə baxmırlar. Amma baxsalar pis olmazdı. Kimisə ittiham etməkdənsə, elə öz daxili həyatına nəzər salmaq daha xeyirli ola bilər.

Ona görə, bu kampaniyalar əslində heç vaxt dayanmayıb. Sadəcə olaraq, önəmli hadisələr ərəfəsində özünü daha da qabarıq şəkildə büruzə verir. Üç il bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı nə qədər çirkin qarayaxma, şantaj, böhtan kampaniyaları aparılmışdı. Bütün bunları biz yaxşı xatırlayırıq. İndi də təxminən eyni mənzərə ilə üzləşirik. Ancaq o vaxt da bunun heç bir təsiri, əhəmiyyəti yox idi, bu gün də yoxdur. Çünki Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq, Azərbaycan xalqı necə yaşayır. Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır. Azərbaycan ictimaiyyəti bütün bu müsbət dəyişiklikləri görür, onları təqdirlə qarşılayır.

Ona görə, bu yüksək kürsüdən mənim üçün çox əziz bir gündə bir daha demək istəyirəm ki, bütün bunlara fikir vermək lazım deyil. Bizim siyasətimizə bunun heç bir təsiri olmayacaq. Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər. Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da biz öz prinsipial mövqeyimizdən kənara çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, Ulu Öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük məsuliyyətdir".

Sonda İlham Əliyev əminliyini bildirib ki, "Azərbaycan xalqı bundan sonra da Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq sürətlə inkişaf edəcək, öz dövlət müstəqilliyini möhkəmləndirəcək. Bizim yolumuz haqq, inkişaf, tərəqqi yoludur. Bu yolda bütün Azərbaycan xalqına qələbələr arzulayıram". 

Son xəbərlər

Orphus sistemi