Bakı. 8 dekabr. REPORT.AZ/ Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşüblər.
Bu barədə "Report"a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, görüşün məqsədi həbsdə olan bəzi şəxslərin növbəti dəfə imzalanacaq əfv siyahısına salınması olub: "Görüş çox müsbət təsir bağışladı. Biz Leyla Yunusun, Xədicə İsmayılın, Anar Məmmədovun, İlqar Məmmədovun, "Nida"çıların və başqalarının azad olunması ilə bağlı müzakirələr apardıq. Çalışırıq ki, həbsdə olan o insanlar növbəti əfv siyashısına salınsınlar".
N.Cəfəroğlu Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvlərinin dekabrın 8-də Azərbaycanın baş prokurorunun birinci müavini Rüstəm Usubovla, sonra isə baş prokuror Zakir Qaralovla görüşəcəklərini qeyd edib.