Yuxarı

Hökumət sosial müavinətlərin və təqaüdlərin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi qaydalarını təsdiqləyib

Bu qayda təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi qaydalarını tənzimləyir

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı təsdiq edib.

“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qaydalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.

İşsizlik müavinətinin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydaları” ilə tənzimlənir.

Qaydaya görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycanın keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

Birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur.

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Mərkəzə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər.

Əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.

16 yaşından yuxarı uşaqlar bu qaydalara uyğun olaraq müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müstəqil şəkildə müraciət edə bilərlər.

Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir.

Mərkəzin ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin uyğunluğunu 3 iş günü müddətində yoxlayır.

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizə Mərkəzə daxil olduğu gün ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi tərəfindən sosial müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün ərizələrin qeydiyyatı jurnalında qeydiyyata alınır.

Ərizənin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir. Ərizə poçtla və ya elektron qaydada göndərildikdə, Mərkəz ərizənin daxil olduğu gündən ən geci 3 iş günü müddətində bu barədə ərizəçiyə məlumat göndərir.

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə uşaqları dispanser qeydiyyatında olan Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin) 16 yaşı tamam olmuş uşaqlarının ümumtəhsil məktəblərində əyani təhsil alması barədə sənəd 16 yaşı tamam olduğu vaxtdan təqdim edilir və qeydiyyatdan keçirilir.

Ərizə poçtla göndərildikdə, jurnalda onun daxilolma tarixi poçtla göndərilən gün hesab olunur və göndərildiyi tarix kimi rabitə şöbəsinin poçt möhüründə göstərilən tarix qəbul edilir. Müraciət elektron qaydada edildikdə, elektron poçt ünvanına daxil olduğu gün göndərildiyi tarix kimi qəbul olunur.

Mərkəz müraciət edən şəxsə ərizənin və digər sənədlərin formalarını verməyə, yaxud poçtla və ya elektron qaydada göndərməyə, müavinət, təqaüd və kompensasiyanın təyinatı üçün zəruri sənədlərin toplanılaraq təqdim olunmasına yardım göstərməyə borcludur.

Tibbi-sosial ekspert komissiyaları əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə müayinə aktından çıxarışı Mərkəzə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinə təqdim edirlər.

Müavinət, təqaüdvə kompensasiyanın təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində Mərkəzin məsləhətçisi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və direktoru tərəfindən kollegial qaydada baxılır və müvafiq qərar qəbul edilir. Həmin qərar Mərkəzin məsləhətçisinin, sektor müdirlərinin və Mərkəzin direktorunun imzaları və Mərkəzin möhürü ilə təsdiq edilir.

Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiyanın təyin olunması barədə qərar qəbul edildikdə, məsləhətçi qeyd olunan işləri ərizəçinin soyadını, adını, atasının adını, ünvanını, sosial müavinətin, təqaüdün və kompensasiyanın növünü, məbləğini göstərməklə və reyestr jurnalında imzalamaqla, mühasibat uçotu sektorunun məsləhətçisinə təhvil verir. Həmin jurnal Mərkəz üzrə vahid qaydada aparılır və onun qaytanlanması, səhifələrinin nömrələnməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən həyata keçirilir.

Müavinət, təqaüd vəkompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ vardır.

Yaşayış yerini dəyişməklə və ya pensiya təyin olunmaqla əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Mərkəzin və yaxud pensiya təyin edən orqanın sorğusu əsasında aparılır.

Müavinət, təqaüd və kompensasiya alan şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiya alanın haradan köçməsini göstərdiyi ərizəsi, yeni yaşayış yeri haqqında sənədlər (şəxsiyyət vəsiqəsi) əsasında onun əvvəllər qeydiyyatda olduğu Mərkəzə müavinət, təqaüd və kompensasiya işinin göndərilməsi üçün 3 iş günü müddətində sorğu göndərilir.

Təqaüd və kompensasiya işinin əvvəllər qeydiyyatda olduğu Mərkəz tərəfindən hərəkətdən çıxarılması Mərkəzin direktorunun sərəncamı ilə həyata keçirilir. Hərəkətdən çıxarılan işə və şəxsi hesaba ödənildiyi müddət və ondan tutulmalar haqqında müvafiq qeydlər edilir. Hərəkətdən çıxarılan iş Mərkəzin məsləhətçi, ünvanlı dövlət sosial yardım və sosial müavinətlər sektorunun müdiri, mühasibat uçotu sektorunun müdiri və Mərkəzin direktoru tərəfindən imzalanaraq, Mərkəzin möhürü ilə təsdiq edilir və ödənişin dayandırılması barədə ödəniş müəssisəsinə rəsmi məlumat verilir.

Mərkəz tərəfindən 10 gündən gec olmamaqla müavinət, təqaüd və kompensasiya işinin poçtla şəxsin yeni yaşayış yeri üzrə Mərkəzə göndərilməsi təmin edilir.

Yeni yaşayış yeri üzrə Mərkəz tərəfindən müavinət, təqaüd və kompensasiya işi qəbul olunduqdan sonra Mərkəzin direktorunun sərəncamı əsasında müavinət, təqaüd və kompensasiya ödənişi dayandırıldığı tarixdən bərpa olunur.

Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılır və müavinət işi qeydiyyatdan çıxarılaraq müavinətdən tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri ilə birlikdə Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə göndərilir. Sənədlərin surəti və göndərilmə qəbzi Mərkəzdə saxlanılır. İcra vərəqələrinin göndərilməsi haqqında icra qurumunun rəhbərinə və icra sənədini vermiş məhkəməyə və ya digər orqana məlumat verilir.

Şəxsin vəfat etməsi ilə əlaqədar müavinət, təqaüd və kompensasiya işlərinin və şəxsi hesabların hərəkətdən çıxarılması Mərkəzin mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən hər ayın birinci həftəsində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrindən alınan siyahılar üzrə aparılır.

Müavinətlərin ödənişinin dayandırılması halları baş verdikdə, həmin halın yarandığı gündən etibarən müavinətin ödənişi dayandırılır.

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizələrin qeydiyyatı jurnalı Mərkəzin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirində saxlanılır.

Məsləhətçi xidmət etdiyi ərazi üzrə hərəkətdə olan müavinət və təqaüd işlərinin növlər üzrə sayı barədə hər 6 aydan bir ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdirinə, mühasibat uçotu sektorunun məsləhətçisi isə xidmət etdiyi ərazi üzrə hərəkətdə olan şəxsi hesabların nömrə üzrə sayı və məbləği göstərilməklə mühasibat uçotu sektorunun müdirinə rəsmi məlumat verir. Sektor müdirləri alınan məlumatları 1 həftə müddətində ümumiləşdirib Mərkəzin direktoruna birgə məruzə edirlər.

Hərəkətdən çıxarılan müavinət, təqaüd və kompensasiya işləri ödənişi davam etdirilən müavinət, təqaüd və kompensasiya işlərindən ayrı saxlanılır.

İldə ən azı bir dəfə Mərkəzin direktorunun əmri əsasında Mərkəzdə müavinət, təqaüd və kompensasiya işlərinin inventarizasiyası (şəxsi hesablarla üzləşdirilməsi) aparılır. İnventarizasiya komissiyasının tərkibi əmrdə göstərilir. Komissiyanın tərkibinə Mərkəzin ünvanlı sosial yardım və sosial müavinətlər və mühasibat uçotu sektorlarının müdirləri və həmin sektorların məsləhətçiləri daxil edilirlər.

İnventarizasiyanın nəticələri haqqında akt tərtib olunur və inventarizasiya komissiyasının üzvləri tərəfindən imzalanır. Aktda inventarizasiyanın aparıldığı tarix, inventarizasiyanı aparan şəxslərin soyadı, adı, atasının adı və aşkar olunmuş hər bir nöqsan qeyd edilir.

İnventarizasiyanın nəticələri haqqında ilin ilk ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə məruzə təqdim olunur.

Müavinət, təqaüd və kompensasiya işlərinin Mərkəzdə saxlanılmasına ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri və xidmət etdiyi ərazi üzrə məsləhətçilər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilmiş şəxslərin işləri Mərkəzin arxivində saxlanılır. Bu işlərə müavinət, təqaüd və kompensasiyanın təyin olunmasından imtina edilməsi barədə qərar və təqdim edilmiş sənədlərin surəti daxildir.

Yaşa, əlilliyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə və dövlət qulluqçularına ömürlük müavinət, əmək zədəsinə görə müavinət, kompensasiya və Azərbaycan Prezidentinin təqaüdünə aid işlər - 20 il, digər müavinət işləri -10 il, müavinət, təqaüd və kompensasiya işləri üzrə şəxsi hesablar - 10 il, müavinət, təqaüd və kompensasiya təyin olunmasına dair rədd edilən müraciətlər - 10 il, müavinət, təqaüd və kompensasiya təyinatına dair digər yazışmalar - 5 il müddətinə Mərkəzdə saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi