"Heydər zirvəsi"nə kütləvi yürüşlər davam edir

"Heydər zirvəsi"nə kütləvi yürüşlər davam edir Mayın 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir
Daxili siyasət
6 May , 2015 17:14
Heydər zirvəsinə kütləvi yürüşlər davam edir

Bakı. 6 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən "Heydər zirvəsi"nə kütləvi yürüşlər davam edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, bu günlərdə Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yürüş iştirakçıları "Heydər zirvəsi"nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad edir.

Son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi "Heydər zirvəsi"ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.

Ötən 5 gün ərzində respublikanın müxtəlif bölgələrindən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə qalxıb və may ayının 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılan Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə 1 may 2015-ci il tarixindən etibarən ayrı-ayrı mütəşəkkil qruplarla "Heydər zirvəsi"nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.

Qeyd edək ki, "Heydər zirvəsi"nə təşkil olunan və müəyyən edilən qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

Son xəbərlər

Orphus sistemi