“Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas
Daxili siyasət
8 Fevral , 2023 15:19
“Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, toplantıda YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra toplantını giriş sözü ilə açan Tahir Budaqov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib:

“Təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Liderin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin bütün mərhələlərinin dərindən öyrənilməsi, Heydər Əliyev irsinin və ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə il ərzində ölkə ərazisində və respublikamızın hüdudlarından kənarda çoxsaylı tədbirlər keçiriləcək”.

Onun sözlərinə görə, Heydər Əliyev tarixi və siyasi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə xüsusi önəm verməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb:

“Onun xalqımızın zəngin ənənələrinə və dəyərlərinə, dövlətçilik maraqlarına uyğun və dövrün çağırışlarına adekvat cavab verən gender siyasəti də bu baxımdan xüsusi vurğulanmalıdır. Gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Gender bərabərliyi üçün hüquqi bazanın və ictimai-siyasi əsasların yaradılması, qadın hüquqlarının qorunması və qadınların cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallığının təmin olunması vacib prioritetlərdən biri kimi müəyyənləşdirilmiş, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib.

Xüsusi qeyd etmək lazımdır ki, “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır”,- deyən Heydər Əliyev hələ sovetlər birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib. Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir. Peşə fəaliyyətində fərqlənən qadınların mükafatlandırılması, müxtəlif adlarla təltif olunması və bir sıra digər addımlar bu baxımdan böyük əhəmiyyətə malik olub”.

YAP sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev irsinin tədqiqi deməyə əsas verir ki, Ümummilli Lider çağdaş gender siyasəti həyata keçirməklə mütərəqqi nümunə yaratmış və beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın müasir və demokratik dövlətlər sırasında layiqli yer tutmasını təmin edib. Bu gün Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur. Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda qadın hərəkatına böyük stimul verib:

“Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda qadın və kişilərin eyni hüquqlara malik olduğun qeyd edilib. Bu da ictimai-siyasi həyatımızın bütün sferalarında qadınların mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıb”.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövr də Azərbaycanın inkişaf dövrü kimi yadda qalıb, 30 ilə yaxın davam edən işğala son qoyulub:

“Bu gün xalqımız Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

Deputat gender bərabərliyinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriən siyasətdə mühüm yer tutduğunu vurğulayıb: “Xüsusən hüquqi bazanın təkmilləşdirilib, “Gender bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edilib. Bu qanunların qəbulu bir çox sreotiplərin aradan qalxmasında mühüm rol oynayıb. Onu da xüsusi qeyd edim ki, Birinci vitse-prezident Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dünyada imicini yüksəldir. Bu sahədə qanunların da bir çoxu Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında deyib ki, Ulu Öndər həmişə gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib:

“Heydər Əliyev hər zaman qadınlarla kişilərin cəmiyyətin həyatında bərabər iştirakının ölkənin inkişafı üçün vacib olduğunu vurğulayıb. Ona görə də hesab edirəm ki, Ulu Öndərin gender bərabərliyi sahəsində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Biz Ümummilli liderin tapşırıqlarını hər zaman yerinə yetirəcəyik”.

YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə deyib ki, bu il Azərbaycanda Heydər Əliyev ilidir: “Mən istəyirəm ki,, ölkəmizdə hər il Heydər Əliyev ili olsun. Mən də fəxr edirəm, Ulu Öndər də fəxr edirdi ki, azərbaycanlıyıq”.

Ombudsman Səbinə Əliyeva da çıxışında qeyd edib ki, Azərbaycan qadını həmişə cəmiyyətin mənəvi dayağı olub: “Azərbaycanda gender bərabərliyinin əsasları Ulu Öndər tərəfindən qoyulub. Bu gün də Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. İnsan hüquqlarının tərkib hissəsi olan qadın hüquqlarının müdafiəsi, bu sahədə qanunların qəbul edilməsi bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Ombudsmanın ünvanına qadınların pozulmuş hüquqları ilə bağlı müraciətlər daxil olur. Həmin müraciətlərə çevik şəkildə baxılır və çətinliklərin aradan qaldırılmasına dəstək göstərilir”.

Tədbir çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi