“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Xəzər rayonunda silsilə tədbirlər keçirilir.
"Report" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova, RİH başçısının I müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Qarabağ” FK-nun baş məşqçisi, əməkdar məşqçi Qurban Qurbanov, “Qarabağ” FK-nun İdarə Heyətinin üzvü Fevzihan Aras, baş meneceri Asif Əsgərov və rayonun gənc idmançıları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qonaqları salamlayaraq, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu günün əhəmiyyətini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti barədə ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib. Sonda gəncləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin çıxış edən Rauf Əliyev, Jalə Əhmədova, Namiq Əhmədov, Qurban Qurbanov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar.
Sonra iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir davam etdirilib.
Tədbirdə iştirak edən rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, idman sahəsində yüksək nailiyyətlər əldə edən gənclər diplomlarla təltif olunublar.
Eyni zamanda Xəzər İcra Hakimiyyətinin başçısı Elşən Salahov “Gənclər arasında idmanın təbliğinə və idman sahəsində qazandığı uğurlara görə” Azərbaycanın əməkdar məşqçisi Qurban Osman oğlu Qurbanova Təşəkkür elan edib.
Tədbirin sonunda xatirə şəkili çəkilib.