Ellada Məmmədli: "Arif Hacılı Müsavatı parçaladı"

Ellada Məmmədli: "Arif Hacılı Müsavatı parçaladı" "Vurğun Əyyubu aşağılamaq üçün bütün vasitələrdən istifadə etdilər"
Daxili siyasət
189
6 Aprel , 2015 11:17
Ellada Məmmədli: Arif Hacılı Müsavatı parçaladı

Bakı. 6 aprel. REPORT.AZ/ "Onlar Vurğun Əyyubu Müsavat Partiyasının Məclis üzvlüyündən çıxarmaqla istədikləri nəticəni əldə etdilər. Onun çıxarılması düzgün deyildi. Nizamnaməyə görə, bir şəxs gizli səsvermə ilə Məclisə üzv seçilibsə, buradan çıxmaq istəyəndə ya ərizə təqdim etməlidir, ya da gizli səsvermə keçirilməlidir".

Bunu "Report"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri, partiyanın Məclis üzvü Ellada Məmmədli deyib.

O, V.Əyyubun adının Məclis üzvləri siyahısından çıxarılmasına münasibət bildirərkən qeyd edib ki, bu, Müsavatın indiki rəhbərliyinin Vurğun Əyyuba qarşı kininin, qərəzinin göstəricisidir: "Bu qərəz uzun illərdir davam edir. Onlar öz varlıqlarını sübut etmək üçün belə bir addım atdılar. İstəyirlər ki, onlara biət edək. Müsavat rəhbərliyi Vurğun bəyin partiyadan çıxarılmasına çalışırdı, rəhbərlik dəfələrlə partiya özəyinə müraciət etsə də, onlar buna razılıq verməyiblər. Vurğun Əyyubu aşağılamaq üçün bütün vasitələrdən istifadə etdilər. Qurultaydan sonra partiya rəhbərliyini kim tənqid edirsə, partiyadan uzaqlaşdırılır. Arif Hacılı Müsavatın başqanı ola bilər. Tarixdə adının qarşısında kim olduğu da qeyd olunacaq. Arif Hacılı Müsavatı parçaladı".

E.Məmmədli Müsavat Məclisinin sonuncu toplantısında parlament seçkilərində partiyadan namizədliyini irəli sürən şəxslərlə bağlı Təlimat və öhdəlik sənədinin qəbul edilməsinin anlaşılmaz olduğunu vurğulayıb: "Təlimat kifayət qədər təzadlıdır. Məclis namizədi təsdiq edə bilməz, müəyyənləşdirə bilər. Onlar seçkilərlə bağlı öhdəlik sənədi də qəbul ediblər. Bu Təlimat və öhdəlik sənədi demokratik əsaslara ziddir. Belə görünür, ADR-də təmsil olunan Müsavat üzvlərinin namizədliklərinin irəli sürülməsini təsdiq etməyə bilərlər. Onlar bu işlərin hamısını özlərinə uyğun müəyyənləşdiriblər".

Son xəbərlər

Orphus sistemi