Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbiri Göyçay şəhərində keçirib.
Daxili siyasət
6 Aprel , 2023 11:10
Göyçayda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbiri Göyçay şəhərində keçirib.

"Report" bu barədə DTX-nin saytına istinadən xəbər verir.

Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dərin ehtiram bildirilib.

Qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir açıq elan edilib.

Öncə dahi rəhbər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir iştirakçılarını salamlayaraq belə bir tədbirin keçirilməsinin rayonun ictimai həyatında önəmli hadisə olduğunu qeyd edib.

Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan mənalı ömrünün hər anının bir tarix olduğunu vurğulayan Natiq Ağayev dahi şəxsiyyətin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda ulu öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən geniş söhbət açıb.

Tədbirin digər çıxışçıları görkəmli dövlət xadimi Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq sözügedən təsisatın inkişafına misilsiz töhfələr verdiyini, milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayıb, bugünkü dövrdə Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında qurduğunu nəzərə çatdırıblar.

Sonda tədbir iştirakçıları DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli filmə baxıblar.

Son xəbərlər

Orphus sistemi