Göyçayda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, İqtisad Universitetinin professoru İrşad Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto-sərgi ilə tanış olublar.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” adlı sənədli film nümayiş edilib. İncəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil olunub.
Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.