Göyçayda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər, eləcə də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay şəhər Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin ruhuna dualar oxuyaraq onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiyini söyləyib. O, keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib.
Çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlər sistemində vətən sevgisinin başlıca dəyərlərdən biri olduğunu, bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsinin, hətta ayaqda durmasının mümkün olmadığını qeyd ediblər.
Tədbirin sonunda şəhid ailələrinin nümayəndələrinə və qazilərə müqəddəs Qurani-Kərim və üçrəngli şanlı Azərbaycan Bayrağı təqdim olunub.