Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın "Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda növbəti iclası keçirilib. "Report"un məlumatına görə, Sabunçu rayon Gənclər evində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin yanında gənclərlə iş üzrə İctimai Şuranın sədri Nürəddin Mehdiyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.
İlk olaraq tədbir iştirakçılarına gəncliklə bağlı videoçarx nümayiş etdirilib və vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Ölkə Prezidenti İlham Əliyevin gənclərlə bağlı gördüyü işlərdən danışılıb. "Bakı 2015" I Avropa Oyunlarında fəaliyyət göstərən gənclərdən, onların yarışlardakı rolundan bəhs olunub.
İ.Babayev tədbir iştirakçılarına İctimai Şuranın gördüyü işlərlə bağlı məlumat verib. O, təmsil etdiyi Gənclər və İdman Nazirliyinin Şuradan verilən ideyaların dövlət tərəfindən dəstəklənməsinə kömək edəcəyini bildirib. Nazir müavini gənclərin hər bir sahədə fəaliyyətindən danışarkən, deyib ki, əsas hədəf gənclər siyasətinə yönəlmiş ideyaların tətbiqindən ibarətdir.
F.Hacıyev bu günədək gənclər təşkilatlarının 709 layihəsinin dəstəkləndiyini deyib: "Bizdə 310 təşkilat qeydiyyatdan keçib. Fondun layihələri bütün ölkələri əhatə edir. Elə bir bölgə yoxdur ki, orada həmin layihələrdən istifadə olunmasın. Hər zaman gənclərə dəstək verəcəyik. Eyni zamanda gənclər də dəstəyini əsirgəməməlidirlər".
V.Quliyev ümummilli lider Heydər Əliyev dönəmində gənclərə verilən dəstəyi qeyd edib və Prezident İlham Əliyevin gənclər üçün gördüyü işlərdən söz açıb.
Daha sonra tədbir iştirakçıları gənclərlə bağlı fikirlərini bölüşüb.
Tədbirin sonunda fəal gənclər təşkilatları və onların nümayəndələri qonaqlar tərəfindən mükafatlandırılıb.