Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) tərəfindən 14-29 yaşlı gənc rəssamlar arasında həyata keçirilmiş rəsm müsabiqələrinin qalibləri bəlli olub.
AGİN-in Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, "Azərbaycanın qəhrəmanlıq salnaməsi gənclərin gözü ilə" və "COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" başlıqları altında 2020-ci il 7-25 dekabrda gerçəkləşmiş müsabiqələrə Bakı şəhəri və respublikanın regionlarından 700-dən çox rəsm təqdim edilib.
İşlər Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.
“Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” adlı müsabiqənin qalibləri:
1-ci yer: Yaqubova Zeynəb
2-ci yer: Abdullayev Babək
3-cü yer: Yadigarlı Aynur
"COVID-19 pandemiyasi ilə bağlı gənclərin rəsm müsabiqəsi" mövzusunun qalibləri:
1-ci yer: Heybətova Əsmər
2-ci yer: Lalə Hüseynova
3-cü yer: Abbaszadə Rüfət
l yerin qalibinə 500 manat, ll yerin qalibinə 300 manat, lll yerin qalibinə 200 manat pul mükafatı veriləcək və onlar Nazirliyin diplomları ilə təltif olunacaqlar (Mükafatlar hər iki sərgi üçün ayrı-ayrılıqda nəzərdə tutulub).
Digər maraqlı işlərin müəllifləri isə Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla mükafatlandırılacaq.
Eyni zamanda seçilmiş işlərin 3 dildə kataloqu və posterləri çap edilərək yayımlanacaq.
Qeyd edək ki, sərgi ölkə başçısı İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndini (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 bəndinin (gənclərin sağlam həyat tərzi, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikasi, sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) icrasının həyata keçirilməsi məqsədilə təşkil edilir.