Deputat: "Gəncəyə verilən yüksək qiymət Prezidentə olan inamı daha da artırır"

Daxili siyasət
  • 31 yanvar, 2022
  • 13:26
Deputat: Gəncəyə verilən yüksək qiymət Prezidentə olan inamı daha da artırır

"Böyük əminliklə demək olar ki, Azərbaycan dövlətçilik tarixində Gəncənin iqtisadi potensialından istifadə olunması məhz Heydər Əliyevin hakimiyyəti dövründən başlayır. Bu isə ölkənin ikinci böyük şəhərinin sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə yaradıb. Bunu Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğının nümunəsində də aydın görə bilərik".

Bunu "Report"a açıqlamasında Milli Məclisdə Gəncəni (39 saylı Kəpəz birinci seçki dairəsi) təmsil edən deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə Gəncəyə səfər edib və hər dəfə səfəri zamanı şəhərin inkişafı ilə bağlı çox mühüm qərarlar verib, Gəncənin hərtərəfli inkişafına xidmət edən böyük layihələrin, ictimai əhəmiyyətli obyektlərin açılışında iştirak edib: "Ali Baş Komandanın şəhərimizdə bir ildə görülən işlərə verdiyi yüksək qiymət Gəncə ictimaiyyətində ulu öndər Heydər Əliyev ideyalarına olan sədaqəti, ölkə rəhbərinə olan böyük inamı daha da artırır".

Deputat bildirib ki, Gəncədə abadlıq-quruculuq işlərinin miqyası ildən-ilə daha da genişlənir: "Dövlət başçısının da qeyd etdiyi kimi, Gəncədə qazlaşdırma layihəsi demək olar ki, tamamilə icra edilib, içməli su layihəsi də sürətlə gedir. Bu layihə tamamlandıqda böyük ölçüdə şəhərin su və kanalzasiya problemi həll olacaq. Demək olar ki, Nizami yurdunun elə ən böyük problemi məhz budur. Ölkə başçısı bütün infrastruktur lahiyələrin icrasına şəxsən özü nəzarət etmək məqsədilə hər il şəhərimizə səfər edir, yeni layihələrin icrası üçün müəyyən sərəncamlar imzalayır. Bütün bunlar şəhərdə icraat prosesinin necə məsuliyyətlə yerinə yetirildiyini göstərir. Tam əminliklə deyə bilərəm ki, dövlətimizin başçısının konkret hədəflərə hesablanan siyasətinin nəticəsində paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələr icra edilir. Gəncə də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə geniş vüsət alan tərəqqidən kənarda qalmayıb, gündən-günə inkişaf edən bir şəhərə çevrilib. Məhz bu idarəçiliklə respublikamızda, eləcə də onun ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncədə böyük əhəmiyyət daşıyan məsələlər həll edilib".