Naqif Həmzəyev: “Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi”

Naqif Həmzəyev: “Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi” Bakı. 28 dekabr. REPORT.AZ/ “Mədəniyyətin, demokratiyanın beşiyi Gəncənin keşməkeşli tarixində yaddaqalan aylar, illər, qərinələr az olmayıb. Dünyaya Nizami, Məhsəti, Vazeh kimi dahilər bəxş edən şəhərin adı ölkəmizin Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu iki əsrlik dövrdə dəfələrlə dəyişdirilib”.
Daxili siyasət
28 Dekabr , 2018 17:43
Naqif Həmzəyev: “Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi”

Bakı. 28 dekabr. REPORT.AZ/ “Mədəniyyətin, demokratiyanın beşiyi Gəncənin keşməkeşli tarixində yaddaqalan aylar, illər, qərinələr az olmayıb. Dünyaya Nizami, Məhsəti, Vazeh kimi dahilər bəxş edən şəhərin adı ölkəmizin Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olduğu iki əsrlik dövrdə dəfələrlə dəyişdirilib”.

“Report”un məlumatına görə, bunu Milli Məclisin Gəncə şəhərindən seçilən deputatı Naqif Həmzəyev 30 dekabr şəhərin adının yenidən özünə qaytarılması gününü şərh edərkən bildirib.

“Xalqın söykökünə, milli mənəvi simasından qaynaqlanan Gəncə adı rus mənşəli adlarla əvəz edilib. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı yenidən bərpa edilib. Təəssüflər olsun ki, bu da uzun sürməyib. 22 fevral 1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad olub. İllərlə Gəncə ziyalıları şəhərin öz adının özünə qaytarılmasına çalışıblar. O zamanlar Gəncənin adını bərpa etmək böyük cəsarət tələb edirdi. Bu məsələdə də Heydər Əliyev dühası, ağlı, zəkası köməyə gəlir. 1980-ci ildə ulu öndərin təkidi ilə Gəncə şəhəri iki rayona bölünür, rayonlardan birinə Kəpəz, digərinə isə Yeni Gəncə adı verilir. Ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Gəncə adının hafizələrdən silinməsinə imkan verilmir, bu ad yenidən səslənməyə başlayır. Əslində qırmızı imperiya dövründə bu qərar şəhərin adını, keçmişini tarixdən silmək istəyənlər üzərində qazanılan qələbə idi. Daha doğrusu, dahi şəxsiyyət Heydər Əliyev siyasətinin qələbəsi idi. Nəhayət, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təqiblərə, təzyiqlərə məruz qaldığı bir arzu uğurla nəticələnir, 1989-cu ilin 30 dekabrında zəngin tarixi keçmişə malik Gəncəmiz öz adına qovuşur. Doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə tarixi yer adlarının bərpası istiqamətində mühüm addımlar atıldı. Gəncə ilə yanaşı, dövlətimizin apardığı milli siyasətin nəticəsində bir çox şəhər və rayonların tarixi adları bərpa edildi. Haqqı olan adı uğrunda iki əsrə yaxın davam edən mübarizədən qalib çıxan Gəncə bu gün də öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır. Prezident cənab İlham Əliyevin qayğısı sayəsində qədim şəhər elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir”, - N.Həmzəyev bildirib.

Son xəbərlər

Orphus sistemi