Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə ucadılan abidənin açılışı olub

Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə ucadılan abidənin açılışı olub Gəncə şəhərində Qafqaz İslam Ordusuna ucadılan abidənin açılış mərasimi keçirilir.
Daxili siyasət
26 İyun , 2022 13:20
Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə ucadılan abidənin açılışı olub

Gəncə şəhərində 25 may - 17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidləri - 13 qəhrəman əsgərin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan-Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Qafqaz İslam Ordusunun və Qarabağ müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycanla Türkiyə arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri gündən-günə möhkəmlənir və daha da dərinləşir.

Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupu və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.

Bununla yanaşı, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk tərəfindən abidənin inşasında əməyi keçənlərə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Abidənin hündürlüyü 7 metrdir, memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.

10:15

Gəncə şəhərində Qafqaz İslam Ordusuna ucadılan abidənin açılış mərasimi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, abidə 25 May – 17 Noyabr 1918-ci il tarixləri arasında cərəyan edən, Nuru Paşa Komandanlığındakı Qafqaz hərəkatında Azərbaycanın müstəqilliyi uğrunda qardaşlıq naminə 11 İyun 1918-ci il tarixində Gəncədə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilib.

Son xəbərlər

Orphus sistemi