Gələn həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi yekunlaşdırılacaq.
"Report" xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları MSK-dan onlara verilmiş protokolları səsvermə gününə ən azı dörd gün qalanadək məntəqələrə paylamalıdır.
Təqvim Planında bu müddət 2024-cü il avqustun 28-dək nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.