Füzulidə yaradılan 75 saylı seçki məntəqəsində 100 faiz seçici iştirakı gözlənilir
- 07 fevral, 2024
- 11:00
İşğaldan azad olunan Füzuli rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə davam edir.
Füzuli şəhərində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə yaradılan 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva "Report"un Qarabağ bürosunun Füzuli şəhərinə ezam olunan əməkdaşına bildirib ki, məntəqədə 1 351 nəfər qeydiyyatdan keçib.
L.Məstalıyeva qeyd edib ki, bugünkü seçkilər xalqımızın həyatında çox əlamətdar bir hadisədir: "Biz Qarabağ torpaqlarında tarixi bir gün yaşayırıq. Səhər saatlarından başlayaraq seçki prosesinə start verilib. Hazırda da seçki prosesi davam edir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Seçicilərin üzündə yalnız fərəh və ruh yüksəkliyi dolu bir hissin cizgilərini görürük"
Məntəqə sədrinin sözlərinə görə, 75 saylı məntəqədə səs verən seçicilər əsasən Füzuli şəhəri və rayonun ərazisində quruculuq işləri aparan şirkətlərinin əməkdaşlarıdır. Artıq günorta saatları olmasına baxmayaraq, hələ də fəallıq müşahidə edilir: "Əminliklə deyə bilərəm ki, məntəqəmizdə seçki prosesi tam şəffaf şəkildə aparılır. Məntəqəmizdə qeydiyyatda olan seçicilərin artıq 900-ə yaxını bu vaxta qədər səsvermədə iştirak edib. Seçki prosesini yerli və beynəlxalq müşahidəçilər izləyir. Məntəqə üzrə qeydiyyatdan keçən seçicilərin səsvermədə 100 faiz iştirakı gözlənilir".
Bildirilib ki, səhhəti ilə əlaqədar məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.