Bakı. 11 may.
“Report”un xəbərinə görə, mərasimdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər, Cəfər Cabbarlının yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov deyib ki, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı 1918-ci ilin noyabrın 9-da təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq 23 ay dalğalana bildi: “1990-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin iclasındahəmin bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması ilə əlaqədar qərar qəbul edildi. Həmin vaxt Azərbaycan sovet imperiyasının tərkibində idi. Heydər Əliyev bayrağa dəyər verirdi. O həmişə deyirdi ki, vətəni sevən hər kəs bu bayraq altında birləşməlidir. 1991-ci ildə ölkəmiz müstəqil oldu. Bu gün Azərbaycanın hər yerində bayrağımız dalğalanr. Torpaqlar işğaldan azad edildikdən sonra bayrağımız həmin torpaqlarda, Xankəndində, Şuşada dalğalanacaq. Bu bayraq inkişaf etmiş dövlətin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsini xalq Heydər Əliyevə borcludur. Bu dahi insanın misilsiz xidmətləri var. 1993-cü ildə ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Xalq ulu öndərə üz tutdu, yenidən hakimiyyətə dəvət etdi. Onun dövründə siyasi sabitlik təmin edildi, inkişafın əsası qoyuldu. Ölkənin əsas təbii sərvəti olan neftin dünya bazarlarına çıxarılması üçün şirkətlərlə müqavilələr imzalandı”.
F.Ələsgərov vurğulayıb ki, hazırda Azərbaycanda siyasi sabitlik hökm sürür.
Sonra Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər. Onlar çıxışlarında Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyindəki rolundan, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, o cümlədən kliplə bağlı fikirlərini bildiriblər.
Dövlət rəsmilərinin çıxışlarından sonra şair, dramaturq Cəfər Cabbarlının “Sevdiyim” şeiri əsasında hazırlanan və yüzillik tarixin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, reissoru isə Ülviyyə Könüldür.
Tədbirin bədii hissəsində T.Ağayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Qeyd edək ki, “Sevdiyim” layihəsi “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilir.