Yuxarı

​Prezident İlham Əliyev Fikrət İsmayılovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Fikrət İsmayıl oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimai xadimlər Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət ismayılovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

“Report”un xəbərinə görə, nekroloq mətnində deyilir:

“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və alim, respublika Dövlət mükafatı laureatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru Fikrət İsmayıl oğlu İsmayılov 2015-ci il martın 31-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Fikrət İsmayılov 1935-ci il yanvar ayının 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. O, 1969–1971-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun kosmik materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov burada müxtəlif vəzifələrdə çalışmışdır. 1973-cü ildə o, SSRİ Hərbi Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika İnstitutunda uzun illər laboratoriya müdiri işləmişdir.

Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə 1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti səmərəli olmuşdur. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi ilə yerinə yetirilmişdir. Kosmosda mürəkkəb tərkibli kristalların və xəlitələrin alınma texnologiyası, çəkisizlik şəraitində müxtəlif təcrübələrin keçirilməsi, elektron cihazların istehsalı və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanması alimin araşdırmalarının əsas istiqamətlərini təşkil edirdi.

Fikrət İsmayılov 150-yə yaxın elmi əsərin, 30-dək elmi ixtira və səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi altında neçə tədqiqatçı dissertasiya müdafiə etmişdir. Ölkədə və onun hüdudlarından kənarda alimin müxtəlif simpozium və konfranslardakı çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.

Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən Fikrət İsmayılov 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə göstərilən etimadı həmişə layiqincə doğrultmuşdur. 1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər zamanı Fikrət İsmayılov öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək milli mənafelərə sədaqət nümayiş etdirmişdir.

Elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Fikrət İsmayılov bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai xadim və alim, təvazökar və səmimi insan Fikrət İsmayıl oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Mehriban Əliyeva

Elçin Əfəndiyev

Əli Şamil oğlu Həsənov

Əli Əhmədov

Akif Əlizadə

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

İbrahim Mehdiyev

Nazim Məmmədov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi